“Bakı-2015” I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə çox böyük dividentlər gətirəcək”.
Bunu “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı Lider TV-nin “Səda24” informasiya proqramında çıxışı zamanı bildirib.
Onun fikrincə, dünyanın istənilən ölkəsi İlk Avropa Oyunlarına ev sahibliyi etmək istərdi: “2000 min il bundan əvvəl Afinada ilk Olimpiya Oyunları keçirilib. Üstündən minilliklər keçib, amma ilk Olimpiya Oyunları xatırlananda hər zaman Yunanıstan, Afina xatırlanır. Əsrlər də keçəndən sonra Bakının adı hər zaman xatırlanacaq. Avropa oyunları bundan sonra hansı ölkə keçirilirsə keçirilsin, ilk ev sahibi olaraq mütləq Azərbaycan dövlətinin adı çəkiləcək. Mən düşünürəm ki, bu, heç bir maliyyə ilə alınması mümkün olmayan nəhəng təbliğatdır. Bəlkə də uzun illər çalışsaydıq, milyardlar xərcləsəydik, bu gözəl nəticəni ala bilməzdik. Bu baxımdan ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizi dünyada tanıtmaq üçün çox gözəl fürsətlər verir”.
A.Camalqızı bildirib ki, 2012-ci ildə İlk Avropa Oyunlarının keçirilməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsində səsvermə keçirilərəkən Azərbaycan yüksək səs çoxluğu ilə həmin yarışlara ev sahibliyi etmək hüququ qazandı: "Niyə məhz Avropa ölkələri səslərini Azərbaycana verdilər? İstənilən Avropa ölkəsi də bunu öz üzərinə götürə bilərdi. İstənilən mötəbər tədbirlər keçirilərkən o tədbirlərin keçirildiyi ölkələrdə 3 əsas amil götürülür. Bunun birincisi, təbii ki, təhlükəsizlik, ikincisi maliyyə, üçüncüsü, təcrübə məsələsidir. Azərbaycan kifayət qədər sabit və stabil ölkədir. Dünyada gedən prosesləri, beynəlxalq qarşıdurmaları, Yaxın Şərqdəki hadisələri görürük. Azərbaycan bütün beynəlxalq qarşıdurmalarda kənarda dayanmağı bacardı. Bu da Azərbaycanın Prezidentinin balanslı siyasətinin nətisəci idi ki, öz dövlətini bu kataklizmlərdən çox rahat şəkildə qoruya bildi. Əsas diqqət bu ölkənin inkişafına yönəldi”.
Medianın üzərinə düşən məsuliyyətə gəlincə, A.Camalqızı qeyd edib ki, ölkədə mötəbər tədbir keçirilirsə, media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür: “İdman yarışları mədəni hadisədir. Bu tədbirin Azərbaycanda keçirilməsi ilə Avropaya daha sürətlə inteqrasiya şansı qazanmışıq, eyni zamanda öz mədəniyyətimizi rahat şəkildə təbliğ etmək imkanı əldə etmişik”.
Nərgiz