“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Avropa Oyunlarının məşəl estafeti, yarışlardakı bilet satışının vəziyyəti, Ermənistanın Avropa Oyunlarında iştirakı məsələsinə dair suallarımızı cavablandırıb.
- Cənab Saymon Kleq, “Bakı-2015” birinci Avropa Oyunlarının məşəl estafeti regionlarda bitmək üzrədir. Artıq paytaxt Bakı məşəl marafonuna qoşulmağa hazırlaşır. Aprelin 26-da Atəşgah Məbədində alovlandırılan məşəlin regionlardakı səyahətini necə qiymətləndirirsiniz?
- I Avropa Oyunlarının məşəl estafeti xalq tərəfindən alqışlanır, təntənə ilə qeyd edilir. İnsanlar məmnuniyyətlə məşəlin səyahətini izləyir, alov festivalına qatılırlar. Məşəl hansı regiona aparılırsa, insanlar onu coşğu ilə qarşılayır. Bu da mənim üçün çox gözəl hissdir. Məşəlin Bakıya gətiriləcəyi an yaxınlaşdıqca həyəcan artır. Bakı artıq idmançıları qəbul etməyə hazırdır. Paytaxtda ecazkar Avropa Oyunlarını izləyəcəyik. İdman dəyişiklik üçün böyük katalizator ola bilər. Biz inanırıq ki, bütün dünyanın diqqəti Azərbaycana yönələcək, Azərbaycan xalqının dostluğu diqqət mərkəzində olacaq. Bakı dünyanın ən cazibədar şəhərlərindən biridir. Biz özümüz artıq yerli mühitə uyğunlaşmışıq.
- Avropa Oyunlarında iştirak edəcək ölkələrin bir çoxunun heyəti açıqlanıb, yarışacaq idmançılar yavaş-yavaş Bakıya gəlir. Bəs Ermənistandan neçə idmançı Avropa Oyunlarına qatılacaq? Ermənistana Oyunların yayım hüququ verilibmi?
- 50 ölkəyə Avropa Oyunlarında iştirak hüququ verilən zaman Ermənistan həmin ölkələrdən fərqləndirilmədi və siyahıda bu ölkənin də adı var. Ermənistan nümayəndə heyətinin Avropa Oyunlarında iştirakı təsdiqlənib, lakin atletlərin sayı onlar buraya gələnə qədər məlum olmayacaq. Oyunların Ermənistanda yayımına gəlincə, bu barədə müzakirələr gedir, amma hələ ki təsdiq olunmayıb. Bu barədə heç bir məlumat verə bilmərəm.
- Ermənistan nümayəndə heyətinin xərcləri necə qarşılanacaq?
- Ermənistan nümayəndə heyəti bütün xərclərin özləri tərəfindən qarşılanacağı barədə məlumat verib, mən də bunu təsdiqləyirəm.
- İyunun 12-də baş tutacaq “Bakı-2015”in açılış mərasimində neçə xarici ölkə rəsmisi iştirak edəcək?
- Təhlükəsizlik məsələləri ilə əlaqədar bu haqda dəqiq məlumat verə bilmərik. Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək prezidentlərin adları və siyahı bizə də məlum deyil. Prezident Administrasiyasının protokol şöbəsi bu işlə məşğul olur.
- Açılış mərasimi üçün nəzərdə tutulan biletlərin satışı ilə bağlı statistika nə yerdədir? Bu günədək açılış mərasimi və müxtəlif idman yarışları üçün bilet satışı ilə bağlı nə deyə bilərsiniz?
- Bilet satışı çox yüksək səviyyədə gedir. 2 milyon manatlıq bilet satışımız olub. Açılış mərasimi üçün 80 faiz biletlərimiz satılıb. Eləcə də Oyunlar üçün bilet satışı yaxşı gedir. Xüsusilə, güləş, boks, bədii gimnastika idman yarışlarına olan biletlər daha çox satılıb. Əminəm ki, yarışlara biletlər tam şəkildə satılacaq. Bir sözlə, “Bakı-2015” İlk Avropa Oyunlarının açılış zamanı stadion tam dolu olacaq.
- “Bakı-2015”in 20.00-da başlayan açılış mərasimi neçə saat davam edəcək? Dağlıq Qarabağın Azərbaycana aid olmasını isbatlayan hər hansı bir proqram nəzərdə tutulubmu?
- Açılış mərasimi ilə bağlı hər hansı bir informasiya vermək iqtidarında deyiləm, belə bir hüququm yoxdur. Məlumatlar gizli saxlanılır. Hamı üçün sürpriz olsun deyə açılış mərasimi ilə bağlı heç bir xəbər yaymırıq. Bütün dünyanın gözünün Azərbaycanda olacağını nəzərə alsaq, ona görə də hər hansı bir detalı sızdırmaqla sürprizin dadını qaçıra bilərik. İstəyirik ki, açılış mərasimində dünyanın gözü bizdə olsun, hər kəs Azərbaycanın gözəlliyini görüb heyrətlənsin. Ümid edirik ki, media dostlarımız sirləri saxlamaqda bizə köməklik göstərəcək.
Nərgiz