9 İyun 2015 13:53
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Oyunlarının qonaqlarına Azərbaycanın milli geyimləri nümayiş olunacaq

Azərbaycanda keçiriləcək yarışlara bir neçə gün qalıb. Xaricidən gələn bəzi idmançılar artıq Atletlər Kəndində yerləşdirilib. "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) verilən məlumata görə, Atletlər Kəndində 7351 yataq idmançıların istifadəsinə verilib, 1042 mənzil inşa edilib. Televiziyada 830 saat idman yarışları nümayiş etdiriləcək. Oyunlar ərəfəsində 253 medal mərasiminin keçirilməsi planlaşdırılır.

Avropanın bütün qurumları -50 Milli Olimpiya Komitəsi Oyunlarda iştirak edəcək. İdmançılar, məşqçilər, rəsmilər və media nümayəndələrini yarışlara aparmaq üçün Oyunların rəsmi Marşrut Şəbəkəsində 47 kilometr yol uzunluğu istifadə olunacaq.

Bakıda və Mingəçevirdə 20 idman növü üzrə , o cümlədən hazırda olimpiya oyunları sırasına daxil olmayan basketbol 3x3, çimərlik futbolu, karate və sambo yarışları keçiriləcək. Oyunlar çərçivəsində yarışlara ev sahibliyi edəcək 18 obyektdən istifadə olunacaq.

I Avropa Oyunları ərəfəsində Atletlər Kəndində 80 min kiloqram qida məhsulu istehlakı gözlənilir.
Yarışlar başa çatdıqdan sonra 6 müvəqqəti yarış obyekti sökülərək ləğv ediləcək: Voterpolo Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, Triatlon, Velosiped şose yarışları, zamana qarşı yarış obyektləri.

Yarışların keçiriləcəyi vaxtda idmançılarla yanaşı, turistlərin də Azərbaycana səfəri gözlənilir. Artıq uzun müddətdir ki, paytaxtda yerləşən otellərdə avropalı qonaqları qarşılamaq üçün hazırlıq işləri görülür.
"Hilton Baku" otelindən verilən məlumata görə, otelin əməkdaşları turistləri yüksək səviyyədə qarşılamaq üçün məsuliyyətlə çalışırlar: "Otelimiz ilk Avropa Oyunlarını üçün şəhərimizə gələn turistləri qarşılamağa hazırdır. Turistlər otelimizdə özlərini rahat hiss edəcəklər. Artıq boş yerlərimiz yoxdur. Qeyd edim ki, xarici dilləri bilən əməkdaşlarımız var.

Onu da deyim ki, qonaqlar restoranımızda yerli və Avropa mətbəxlərindən olan təamların və içkilərin dadına baxa biləcəklər. "Hilton Baku" oteli olaraq turistlərimizi razı salmaq üçün əlimizdən gələni edəcəyik ki, onlar bizdən razı qalsınlar".

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, əcnəbi qonaqların qarşılanması ilk növbədə onların Bakı Beynəlxalq hava limanından bron etdikləri otellərə gətirilməsindən başlanılır: "Oyunlar zamanı paytaxtın nəqliyyat sistemində edilən dəyişiklikləri nəzərə almaq lazımdır. Turistlərin yollarda əlavə vaxt itirməməsi üçün müəyyən addımlar atılmalıdır. Dünya ölkələrində belə bir vəziyyətdə hava limanında qonaqlara yolların və otellərin sxemləri barədə məlumat verilən müxtəlif xəritələr və ya bukletlərin verilməsi verilir".

Müzəffər Ağakərimov deyir ki, turistləri qarşılamaq xidməti yüksək səviyyəyə çatdırmaq otellərin əsas işləridir: "Bu iş yüksək səviyyədə hazırlansa, qonaqlarda müsbət təəssürat yaradacaq. Bununla yanaşı, otellərdə qonaqlara göstərilən xidmətlərin çeşidi, keyfiyyəti haqqında da Azərbaycan Turizm Assosiasiyası öz tövsiyələrini verir. Birinci növbədə qonaqlara çap və reklam məhsullarını təqdim etmək lazımdır. Çünki gələn qonaq bu çap məhsulları vasitəsi ilə ölkəmiz haqqında müəyyən məlumatlar əldə edə biləcəklər. Nəzərə alınmalıdır ki, çap məhsulları daha çox ölkəmizin tarixi, mədəniyyəti, milli kulinariyası və coğrafiyası haqqında olmalıdır".

Ekspert bildirdi ki, proqramdan əlavə istək və arzularına uyğun olaraq turistlər Bakı şəhərini və regionları gəzmək istəyirlərsə, turizm şirkətləri bunu təşkil edirlər: "Biz qonaqlara Azərbaycanı tanıtmalıyıq. Bunun üçün Bakıdakı muzeyləri, teatrları, Miniatür evini, Qobustan qayalarını, milli musiqimizi təqdim etməyi bacarmalıyıq. Bu da bir faktdır ki, son illər Azərbaycanda muzeylərdə bərpa işləri görülüb. Mədəniyyət Nazirliyi I Avropa Oyunları zamanı ölkəmizə gələn turistlər üçün Azərbaycanın mədəniyyəti, muzeyləri haqqında müxtəlif dildə çap məhsulları hazırlayıb".

Müzəffər Ağakərimov deyir ki, otellərin qiymətləri sabit olaraq qalır: "Otellərdə bir il bundan əvvəlki qiymət olduğu kimi qalıb. Heç bir qiymət artımı yoxdur. Hətta otellərdə turistlərə endirimlər təqdim olunur. Təbii ki, yüksək səviyyədə otellərdə qiymətlər bahadır deyə turistlər evlərə üstünlük verə bilərlər. Amma bu, təhlükəsizlik baxımından heç də yaxşı deyil. Otellərdə qalmaq daha məsləhətə uyğundur. Mingəçevirdəki otellərlə yanaşı, turistlərin rayona yaxın ərazilərə də ekskursiya təşkil edilməsi üçün Gəncə və digər regionlarda xidmətlərin monitorinqləri aparılıb və regionlarda turistləri qəbul etməyə hazırdırlar. Ekskursiya üçün bələdçilər də hazırlanıb".

Həmsöhbətimiz dedi ki, artıq paytaxt otellərinin əksəriyyətində yerlər bron edilib: "Oyunlar zamanı Bakıda otellərin tamam dolacağını düşünürəm. Aparılan monitorinqlər göstərir ki, əksər otellərdə yer tapmaq mümkün deyil. Hesab edirik ki, Avropa Oyunları zamanı turizm sektorunun faydalanması baxımından heç bir maneə olmayacaq. Qarşıda duran məqsədlərdən biri Oyunlardan sonra ölkəyə turist axınını davam etdirmək və onların ölkəyə yenidən qayıtması üçün ucuz xidmətlər təklif etməkdir".

Avropa Oyunlarının keçiriləcəyi müddət ərzində yerli turizm şirkətləri tərəfindən ölkənin müxtəlif bölgələrinə turlar da təşkil etməyə hazırlaşır. Biz də bir neçə turizm şirkətləri ilə əlaqə saxladıq. Bildirdilər ki, I Avropa Oyunları ilə bağlı son zamanlar müraciət sayı artıb.

Şirkətlər onu da qeyd etdilər ki, Avropa Oyunlarının keçiriləcəyi müddət üçün yeni turların təqdim olunmasına ehtiyac yoxdur. Qonaqlara həmin müddət üçün də hazırda istifadə edilən tur-paketlər təqdim olunacaq. Bu turlar Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarına - Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala zonalarına səyahəti nəzərdə tutur.

Avropa Oyunlarının qonaqlarına Azərbaycanın milli geyimləri nümayiş olunacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində "Bakı-2015" I Avropa Oyunlarının təbliği məqsədilə "Azərbaycan milli geyimləri sərgisi" adlı layihənin icrasına başlanılıb. Layihə nazirliyin maliyyə dəstəyi, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC), "Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Sərgi ödənişsizdir, geniş kütlə üçün nəzərdə tutulub. Layihədə bir neçə istiqamət üzrə - qadın geyimləri, kişi geyimləri, uşaq geyimləri, baş örtükləri, müxtəlif təbəqələri əhatə edən geyimlər və milli geyimlər təsvir olunmuş tablolar yaradılıb, ictimai yerlərdə, hotellərin foyelərində və s. məkanlarda nümayiş etdirilməsi nəzərdə tutulub.

Sərginin təşkil olunacağı məkanlarda geyimlər barədə ziyarətçilərə məlumat vermək, milli geyimlərdə ödənişsiz şəkil çəkdirmək və geyimləri haradan əldə etmək barədə məlumat almaq üçün imkanlar yaradılacaq.

Layihənin məqsədi milli geyimlərimizin nümayişi, adət-ənənələrimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, yeni formatda sərginin təşkili, gənclər arasında milli geyimlərimizin təbliğidir.

İlhamə


Müəllif: