11 İyun 2015 14:37
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı Avropada və ölkə daxilində kampaniyanın aparılacağı gözlənilən idi. Ümumiyyətlə, hər dəfə ölkəmizdə beynəlxalq tədbir keçiriləndə demokratiya, insan haqları məsələləri gündəmə gətirilir ki, burada da əsas məqsədin nədən ibarət olduğu hər kəsə bəllidir. Əvvəlki dönəmlərdə olduğu kimi, bu dəfə də belə kampaniyalar heç bir nəticə verməyəcək".

Bunu Teleqtaf.com-a açıqlamasında politoloq Qabil Hüseynli Avropada Azərbaycana qarşı aparılan kampaniyaya münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, Avropanın ali qurumlarında Azərbaycanla bağlı aparılan dinləmələr, eləcə də ayrı-ayrı təşkilatların ölkəmizə qarşı apardığı kampaniya ikili standartlardan xəbər verir: "Azərbaycana qarşı qərəzli münasibətin olduğu göz önündədir. Bu faktdır. Necə olur ki, Qərb Ukraynanın ərazisini işğal edən Rusiyaya sanksiya tətbiq edir, amma Azərbaycanın torpaqlarını işğal edən, bir milyondan artıq vətəndaşın qaçqın düşməsinə səbəb olan Ermənistana "qaşın üstündə gözün var" deyən yoxdur. Burada xristian həmrəyliyi açıq-aşkar ortadadır. Azərbaycana qarşı aparılan çirkin kampanitanın arxasında xaricdəki erməni lobbilərinin böyük rolu var. Məqsədləri inkişaf etməkdə olan Azərbaycanı yolundan çəkindirmək, özlərindən asılı vəziyyətə salmaqdır. Amma bunu bacarmayacaqlar. Azərbaycan xarici siyasətində balansı, müstəqilliyi qoruyub saxlayacaq. Biz hansısa xarici qüvvənin sözü ilə oturub-dura bilmərik. Əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində bizə yardın əlini uzatmayan, hətta ədalətli mövqe tutmayan Qərbin Azərbaycanda söz sahibi olmaq istəməsi gülüncdür və əbəsdir. Bir daha bildirirəm ki, Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı belə kampaniyanın aparılacağı gözlənilən idi".

Q.Hüseynliyə görə, AŞPA və digər qurumlarla bağlı dinləmələrdə bir qayda olaraq qərəzli mövqe tutulur: "Belə dinləmələrdə insan haqları məsələsi müzakirə olunanda ancaq Azərvaycandan danışırlar, ərazi bütövlüyü məsələsi gələndə isə Gürcüstan, Ukrayna gündəmə gəlir. Niyə? Bax, bu suala avropalı dostlar səmimi cavab verə bilmirlər. Azərbaycanda Qərbə qarşı münasibətin kəskinləşməsinin kökündə də məhz onların qeyri-səmimi davranışları durur. Azərbaycanın bir milyondan artıq qaçqını var, amma heç kəs onların problemini dilə gətirmir. Bir-iki nəfərin həbsini isə dünya səviyyəsində müzakirə edirlər. Burada qərəz açıq-aydın görünür".

Qeyd edək ki, “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı 2015-ci il iyunun 10-da Avropa Parlamentində dinləmələr keçirilib. Avropa Parlamentinin sədri M.Şults və sədr müavini U.Lunaçek başda olmaqla bəzi siyasilər çıxışları zamanı Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdiriblər. U. Lunaçek və bir sıra avropalı parlamentarilər qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbsdə olan şəxslərin şəkilləri olan köynəklərlə qatılıblar.

Ayxan


Müəllif:

Oxşar xəbərlər