Bakı 2015 birinci Avropa Oyunlarının güləş yarışlarının ilk günündə 4 idmançımız mübarizə aparacaq.
Azərbaycan Güləş Federasiyasından (AGF) Teleqraf.com-a verilən məlumata görə, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Ümumilikdə Oyunlar ərzində 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaq.
İyunun 13-də 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaq. Artıq ilk gün mübarizə aparacaq güləşçilərin çəki prosesi baş tutub və püşkatma keçirilib.
59 kq
1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO)
71 kq
1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (MDA)
80 kq
1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (AUT)
98 kq
1/16 final - Orxan Nuriyev - Teodoros Tunisidis (SWE)
İlk görüşlər Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.
Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Bütün azarkeşləri Heydər Əliyev adına İdman Sarayına dəvət edir, güləşçilərimizə dəstək olmağa çağırırıq.