“Bakı-2015” birinci Avropa Oyunlarında Azərbaycan boksçuları qələbə uğrunda mübarizəni davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimizdən növbəti uğuru Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov qazanıb. 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçu bu dəfə dörddəbir final mərhələsində hollandiyalı rəqibi Peter Müllenberqdən güclü olub.
“Mənim rəqibim çox güclü idi. 2013-cü ildə bu boksçu Minskdə Avropa çempionatında gümüş medal qazanıb. Onu qabaqcadan tanıyırdım. Mübarizə çox ağır keçdi. Allaha şükür ki, hər 3 raundda təmiz qələbə qazandım. Ən azı bürünc medalı özümə təmin etdim”, - deyən T.Məmmədov bununla da kifayətlənməyib, yarımfinalda var gücü ilə döyüşəcəyini və finalda mübarizə aparacağını qeyd edib.
Növbəti rəqibinə gəldikdə isə Azərbaycan boksçusu bildirib ki, bu, Rusiya təmsilçisi Pavel Silyaqin olacaq. O deyib: “Mən Paveli yarışlarda görmüşəm. Onun taktikasını bilirəm. Qabaqcadan heç nə deyə bilmərəm, ancaq mən qızıl medala iddialıyam və bunun üçün mübarizə aparacam”.