Hindistan hökumətinin ölkənin keçmiş adı – Bharatı qaytarmağı planlaşdırdığı xəbər agentliklərinin əsas mövzularındandır. Bu təklifi Hindistanın hakim partiyasının bir qrup deputatı verib. Həmin qrup “Hindistan” adının konstitusiyadan çıxarılmasını təklif edib. Təklifi Hindistan hökuməti də dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzi ekspertləri xatırladırlar ki, sentyabrın 9-11-də Hindistanda keçiriləcək G20 sammitinə dəvət olunanlara dəvətnamələr “Bharat prezidenti” adından göndərilib:
“Ölkənin adının dəyişdirilməsi ilə bağlı qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək növbədənkənar iclasında müzakirə olunacaq.
Hindistan adından imtina hansı səbəblə bağlıdır?
Bharat təklifini irəli sürənlər Hindistan adının quldarlıq simvolu olduğunu bildirirlər. Hindistan Böyük Britaniya imperiyasının əsarətində olub. Yeni təkliflə çıxış edənlər Hindistan adının imperialistlər tərəfindən işlədildiyini, hind dilində isə ölkənin adının Bharat olduğunu vurğulayırlar. Bundan əvvəl Hindistanda bir neçə böyük şəhərin adı dəyişdirilib. 1995-ci ildə Bombey şəhəri Mumbay, bir il sonra Madras şəhəri Çennay, 2001-ci ildə isə Kəlküttə Kolkata adlandırılıb. Hazırda növbə ölkənin adına çatıb”.
Təhlildə qeyd olunur ki, Hindistan “Böyük İyirmilər”in zirvə toplantısına hazırlaşır:
“Toplantıya bütün liderlər qatılmayacaq. Rusiya Prezidenti Vladimir Putin Hindistana getməyəcək. Putin Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan bu yana xarici səfərlərdən yayınır. Rusiya lideri həmişəki kimi toplantıya öz əvəzinə xarici işlər naziri Sergey Lavrovu göndərəcək.
Çin lideri Si Cinpinin də Hindistana getməyəcəyi barədə xəbər yayılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Hindistandakı toplantıya qatılaraq müzakirələrdə iştirak edəcək.
Dehli ev sahibi statusundan istifadə edərək zirvəyə G20-yə daxil olmayan bir neçə dövlətin liderini də dəvət edib. Bu sırada Misir, Birləşmiş Ərəb Əmirlikləri, Mavrikiya, Banqladeş, Hollandiya, İspaniya, Sinqapur və Nigeriya liderlərini sadalamaq olar. Zirvə toplantısının keçiriləcəyi Dehlidə dəyəri 300 milyon dollar olan konfrans mərkəzi inşa edilib”.