Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Birliyinə (AB) üzvlük məsələsini konstitusiya dəyişikliyi çərçivəsində həll etmək istəyir.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Neyjmakov deyib.
“Ermənistan Avropa Birliyinə Türkiyədən yan keçməklə İrandan Avropaya qaz tədarükü üçün potensial tranzit ərazi, qismən də uzaq bir xristian ölkəsi kimi maraqlıdır. Eləcə də Rusiya, qismən də Türkiyə üçün bir başağrısı kimi. Başqa heç bir maraq yoxdur.
Paşinyanın komandasının yenidən AB-yə üzvlüklə bağlı referendumun keçirilməsi mövzusuna qayıtmasını istisna etmək olmaz. Hakim komanda belə bir referendum keçirməklə 2018-ci ildə Paşinyanı dəstəkləyənlər üçün yeni müsbət gündəm yaradacağına ümid edə bilər. Belə bir təşəbbüs Paşinyanın hakimiyyətinin saxlanmasının AB-yə yolu açacağı mesajının təlqin edilməsi üçün bir vasitə ola bilər. İndiki hökumət üçün bu mövzunu 2026-cı il parlament seçkilərinə qədər saxlamaq faydalı olardı”, - politoloq vurğulayıb.
Neyjmakov qeyd edib ki, mövzunun indi gündəmə gəlməsinin başqa mümkün səbəbi də var:
“Məlum olduğu kimi, İrəvanla danışıqlar çərçivəsində Bakı Ermənistan konstitusiyasına dəyişiklik edilməsində israrlıdır. Konstitusiyaya dəyişikliklər de-fakto Bakının tələbi ilə baş verərsə, bu, Paşinyana qarşı yeni etiraz dalğasına səbəb olacaq. Bu halda daha geniş auditoriyanı səfərbər etmək üçün qeyd olunan dəyişikliklərin bir referendum paketində təqdim edilməsi, məsələn, AB-yə üzvlük siyasətinin konstitusiyada təsbit edilməsi təklif oluna bilər”.
Ermənistanın AB-yə mümkün üzvlüyünə gəlincə, Neyjmakov bunun mümkün olmayacağını bildirib. Onun fikrincə, AB nəinki Ermənistanı, heç Gürcüstan, Moldova və Ukraynanı da qəbul etməyəcək. Rusiyalı politoloq AB üçün öncəliyin Balkan ölkələri olduğunu vurğulayıb.
Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 3-də ölkə əhalisinin Avropa Birliyinə üzv olmaq istəyinə baxmayaraq, AB-yə üzvlüklə bağlı referendumun keçirilməsinin yersiz olduğunu açıqalmışdı.