Gürcüstanın Bolnisi rayon məhkəməsində seçkilərin saxtalaşdırılmasında ittiham olunan Rövşən və Etibar İsgəndərovların işinə baxılıb.
Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarı ilə onlar həbsdə saxlanılıblar.
İş üzrə növbəti məhkəmə prosesi dekabrın 30-na təyin olunub.
Qeyd edək ki, Rövşən və Etibar İsgəndərovlar əmi uşaqlarıdır. Onlar Gürcüstanda oktyabrın 26-da keçirilmiş parlament seçkilərində Marneulinin Sadaxlı kəndində yerləşən 69 saylı seçki məntəqəsində seçkilərin saxtalaşdırılması cəhdinə görə həbs olunublar.
Marneuli məhkəməsi noyabrın 1-də İsgəndərovlar barəsində həbs qətimkan tədbiri seçmişdi. Müdafiə tərəfinin İsgəndərovların hər biri üçün 50 min lari məbləğində girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatəti təmin edilməmişdi.
Rövşən İskəndərov Marneuli Bələdiyyə Məclisi şəhər şurasının sədr müavini olub, həbsindən sonra səlahiyyətlərinə xitam verilib.