Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan danışıqları Qarabağın Azərbaycana qaytarılması üzrə aparıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Hayk Koncoryan hansı mərhələdə Qarabağın Azərbaycan ərazisi olmasının İrəvana aydın olduğu sualını cavablandırarkən deyib.
“Dünya sistemləri dəyişir, tektonik dəyişikliklər baş verir, əgər siz öz yanaşmalarınızı dəyişən dünyanın qaydaları və tempinə uyğunlaşdıra bilmirsinizsə, istər-istəməz dinozavra çevrilib arenadan yox olursunuz.
Baş nazir “planka”nın aşağı salınmasını bəyan edəndə o vaxtkı Qarabağ rəhbərliyi (keçmiş separatçı rejim) də bu dəyişikliklərin gedişatını anlamalıydı. Təəssüf ki, vəziyyətə adekvat reaksiya olmadı.
Danışıqlar sənədlərində də görünürdü ki, Ermənistanın ilk üç prezidenti danışıqları bu sənədlər üzrə aparıb, danışıqlar prosesi elə formalaşmışdı ki, bu da istər-istəməz Qarabağın Azərbaycanın tərkibində olmasına gətirib çıxarırdı”, - deputat bildirib.
Koncoryanın sözlərinə görə, keçmiş separatçı rejimin başçıları bütün bu prosesdən tam məlumatlı olublar.