Norveç hakimiyyəti ölkədə bütün qatarların hərəkətini dayandırıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Norveç Dəmir Yol Hərəkətinin İnkişafı və İdarə Edilməsi üzrə Dövlət Agentliyi məlumat yayıb.
İdarədən verilən məlumata görə, hərəkətin dayandırılması qərarı qatarlar və idarəetmə mərkəzi arasında rabitə sistemində yaranan nasazlıqla bağlıdır.
Problem yerli vaxtla 7:55-də (Bakı vaxtı ilə 10:55) məlum olub. Bundan sonra şirkət bir neçə dəfə görülən işlərin yerli vaxtla saat 20:00-a qədər uzadıldığını elan edib.
Norveçin bəzi şəhərləri dəmir yolu marşrutlarını təkrarlayan avtobusları işə salıb. “Bane Nor” sərnişinləri təyinat yerinə taksi ilə təmin etməyi və ya başqa nəqliyyat vasitələri ilə ora çata bilmədikdə, oteldə yerləşmə haqqını ödəməyi öhdəsinə götürüb. Dəmir yolu əlaqəsinin nə vaxt bərpa ediləcəyi məlum deyil.
Agentlik hadisənin səbəbi kimi xarici təsirlərin olduğunu düşünmür. Problemin proqram təminatından qaynaqlandığından şübhələnir.