25 Dekabr 22:14
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yollarından mənə dedilər ki, başınız sağ olsun".

Teleqraf.com-un Qərb bürosu xəbər verir ki, bunu qəzaya uğrayan təyyarənin stüardessası Hökumə Əliyevanın atası Cəlil Əliyev jurnalistlərlə açıqlamasında deyib.

O qeyd edib ki, qızı 2016-cı ildən AZAL-da çalışır:

"Qızım 1991-ci ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olub. Ailəlidir, övladı yoxdur. AZAL-dan mənə bildirdilər ki, qızınız həlak olanlar siyahısındadır, amma yaralıların arasında da ola bilər. Qardaşım qızı və oğlum həmin xəstəxana ilə əlaqə saxlayıblar və oradan bildiriblər ki, 2-3 nəfər ağır yaralı var, ola bilər ki, biri də sizin qızınızdır".

Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibov isə qeyd edib ki, bacısının şəklini xəstəxanaya göndərib:

"Bacımın şəklini xəstəxanaya göndərdik. Həkimlər dedi ki, ola bilər oxşasın. Yaralıların üzü tanınmaz haldadır. Tibb bacıları qeyd edirlər ki, onları yaralıların yanına buraxmırlar. Bu da başadüşülən deyil. Oxşayan şəxsin də vəziyyəti olduqca ağırdır. Müalicə davam edir".

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Nəticədə təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Qeyd edək ki, sosial şəbəkələrdə qəzaya düşən təyyarənin stüardessası H.Əliyevanın səs yazısı yayılıb. Qəzadan az əvvəl çəkilən görüntülərdə Hökumə özü görünmür. O, sərnişinlərə müraciət edərək deyir: "Hər kəs kəmərlərini bağlasın və təlimata uyğun hərəkət etsin. Hər şey yaxşı olacaq".

***

20:00

Bu gün qəzaya uğrayan AZAL-a məxsus təyyarənin göyərtəsində olan ekipaj üzvlərindən Əliyeva Hökumə Cəlil qızından xəbər yoxdur.

Bu barədə Teleqraf.com-a qadının yaxınları məlumat verib.

Məlumata görə, 33 yaşlı H.Əliyeva 2016-cı ildən AZAL-da çalışıb.

Hökumə Əliyeva əslən Kəlbəcər rayonundandır, onun yaxınları Samux rayonunda məskunlaşıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər