Xalq artisti Ağadadaş Ağayevlə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını oxuyub.
Sənədə münasibət bildirən Nurəddin Cəlilov özünü təqsirli bilməyib.
Zərərçəkmiş Ağadadaş Ağayevin vəkili Asim Abbasov prosesin təxirə salınmasını istəyib, fikirini belə əsaslandırıb ki, müvəkkili iclasda iştirak etmir. Onun sözlərinə görə, Ağadadaş Ağayev səhhəti ilə bağlı məhkəməyə gəlməyib.
Daha sonra şahid qismində dəvət olunan Nəzakət Paşayeva ifadə verib: "Nurəddin Cəlilovu tanıyıram, onunla heç bir düşmənçiliyim yoxdur. Həmin gün işləyirdim, səs-küy gəldi. Baxdım, biri gəlir əlində balta. Fikir vermədim və işimin arxasıca getdim.
Sonra səs-küy artdı. Ağadadaş Ağayev əlində balta gəldi. Mən baxanda şlaqbaumu keçmişdi. Mühafizəçi qapının qabağına çıxdı.
Mənim əlimdə pol taxtası var idi. Bir tərəfi təmizlədikdən sonra digər tərəfə keçdim. Ayağımda zərbə hiss etdim, baltanın sapı ayağıma dəymişdi. Baltanı qıraq bir yerə qoydum ki, heç kəs götürüb hücum etməsin. Mühafizəçi burnu qanayaraq gəldi. Baltanı atanın tanınmış şəxsin - Ağadadaş Ağayevin olduğunu görənlər onun yanına yığışdılar.
Ağadadaş Ağayev baltayla birinci dəfə gəldi, sonra qayıtdı. İkinci dəfə gələndə onu pəncərədən gördüm".
Nəzakət Paşayeva qeyd edib ki, Ağadadaş Ağayev baltanı atandan sonra Nurəddin Cəlilov ona hücum edib:
"Mən baltanı alıb kənara qoydum ki, ikisindən biri baltanı götürər. Sonra gördüm ki, dalaşırlar, Ağadadaş yıxıldı.
Ağadadaş Ağayev içəri gələndə söyüş söyürdü, deyirdi ki, hamınızı yığmışam içəri. Qorxunuzdan girmisiz içəri. Çox nalayiq söyüşlər söyürdü. İçəridə olanlarla birgə çox qorxu yaşadım".
Daha sonra hospitalın baş tibb bacısı Nəzakət Zülfüqarlı ifadə verib: "İçəridə qışqırıq səsi var idi. Xəstələr qorxusundan qışqırırdılar, onları sakitləşdirib geri göndərirdim. Ağadadaş həyətdə çox pis söyüşlər söyürdü. Nurəddin də ona cavab verirdi. Ağadadaşla Nurəddini dalaşdığı anda gördüm.
Nurəddin başını əyməsəydi, balta başına deyəcəkdi. Nurəddinin əlində simə oxşar nəsə var idi. Amma o simlə Ağdadaşa zərər verdiyini görməmişəm. Nurəddin onun qarşısına söyüşlərə görə çıxdı".
Daha sonra şahid qismində ifadə verən həkim Ceyhun Hüseynov bildirib ki, səhər saat 7 radələrində xəstəxanaya işə gəlib: "Haradasa 5 dəq sonra səs küy düşdüyünü eşitdik. Biz ora yaxınlaşanda Ağadadaş baltanı atdı. Onu gördüm.
Daha sonra axşam radələri idi. Ağadadaş müəllim xəstəxanaya yaxınlaşdı. Sol qulağında travma almışdı. Xəstəxanaya gələndə əsəbi idi. Mənə dedi ki, məni tanıyırsan, tanımadığımı dedim. Sonra yüksək səslə daışndı, dedi sən məni tanımırsan? Onun dediklərinə qarşılıq vermədim, ağrıkəsici verdik, qulağını tikdik, sonra yola saldıq. İçkili olana oxşayırdı".
Növbəti proses 2025-ci il yanvarın 16-da davam edəcək.
Qeyd edək ki, bundan əvvəl eyni ittihamla Ağadadaş Ağayevin cinayət işi ayrı icraatda Binəqədi Rayon Məhkəməsinə göndərilib. Ağadadaş Ağayevin cinayət işinə hakim Vüsal Tağıyevin sədriyi ilə baxılır.
İttihama görə, bu il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.