Rusiya Prezident Vladimir Putin ABŞ bankı “Goldman Sachs”ın Rusiya şöbəsinin erməni investisiya fondu “Balchug Capital”a satılmasına icazə verib.
Teleqraf.com xəbər verir ki, Putin bu barədə fərman imzalayıb.
“Balchug Capital”ın baş icraçı direktoru və təsisçisi David Amaryan şirkətin bütün investisiya fəaliyyətinə rəhbərlik edir. Keçən il şirkət ABŞ-nin maşınqayırma istehsalçısı “Caterpillar”ın Rusiyadakı aktivlərini alıb.
Qeyd edək ki, Ukraynadakı müharibənin başlanmasından sonra Rusiyada yalnız bir neçə Qərb bankı fəaliyyət göstərir. Bunlara Avstriyanın “Raiffeisen”, İtaliyanın “UniCredit” və Macarıstanın “OTP” bankları aiddir.
Hollandiya bankı “ING Groep” bu həftə Rusiyadakı biznesini yerli şirkət olan “Global Development”ə satmaq üçün razılığa gəldiyini açıqlayıb və bununla bağlı 700 milyon avro (726,2 milyon ABŞ dolları) zərərə uğrayıb.
“ING”nin satışı üçün Aİ-nin tənzimləyici orqanlarının təsdiqi zəruridir. Xarici kreditorlar bildirirlər ki, aktivləri satmazdan əvvəl Rusiyanın hakimiyyət orqanlarının təsdiqini almaq tələbi ölkədən çıxışı çətinləşdirir və prezidentin təsdiqi uğurlu çıxışa zəmanət vermir.
Xatırladaq ki, Moskva-Kiyev münaqişəsindən sonra xarici aktiv satışlarına qoyulan məhdudiyyətlər davamlı olaraq gücləndirilib. Paralel olaraq Rusiya ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq genişləndirilib. Rusiya bu ölkənin ən böyük ticarət tərəfdaşına çevrilib. Bu da Rəsmi Kremlə Avropanın sanksiyalarından yayınmaq imkanı verir.