Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması istiqamətində addım atmaq barədə düşünür.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin fikrincə, rəsmi Bakının dəhliz məsələsi ilə bağlı həmləsi Ermənistan rəhbərini geri addım atmağa vadar edib:
“Paşinyan anlamamış deyil ki, Zəngəzur dəhlizinin açılmasını yubatmaqla özünün də elan etdiyi “Sülh qovşağı” layihəsinin Prezident İlham Əliyevin təbirincə desək, bir qara qəpik dəyəri olmayacaq. Bakının Tehranla razılaşması var, dəhliz İran ərazisindən Araz çayının sahili boyunca da keçəcək, körpünün inşası bitmək üzrədir, yollar asfaltlanıb. Bu yol tam gücüylə işə düşdükdən sonra rəsmi Bakının keçmiş illərdə olduğu kimi Zəngəzur dəhlizində israrına ehtiyac qalmayacaq.
Paşinyan bu baş verməsin deyə, İlham Əliyevin “maneəsiz dəhliz” yanaşmasını qəbul etmək həvəsindədir. Təsadüfi deyil ki, Paşinyan bugünkü mətbuat konfransında “Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil” fikrini səsləndirib. Ancaq Paşinyan bu cümlədən sonra “amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil” ifadəsini də əlavə edib. Böyük ehtimalla, Paşinyan bu əlavəsiylə özünü müxalifətin ittihamlarından sığortalamağa çalışır.
Məsələ budur ki, Zəngəzurda maneəsiz keçidi qəbul etməyə hazır görünən Paşinyan bu zaman Ermənistanın yurisdiksiyasını tətbiq edə bilməyəcək. Paşinyan bunun əvəzinə Azərbaycandan Ermənistan üçün də Rusiyaya maneəsiz keçid istəyə bilər. Ancaq bunlar fərqli məsələlərdir. Zəngəzur dəhlizi Azərbaycanın materik hissəsinin ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirir. Bu, Ermənistan qatarları və maşınlarının eyni qaydada Azərbaycan ərazisindən maneəsiz keçidinə bərabər tutula bilməz”.
Elxan Şahinoğlunun fikrincə, Paşinyan bütün hallarda Zəngəzur dəhliziylə bağlı addım barədə düşünür:
“Ermənistan baş nazirinin “müasir dünya bütün istiqamətlərdə maneəsiz hərəkəti təmin etmək üçün daima çalışır” sözləri də bundan xəbər verir. Paşinyanın İrəvanın Azərbaycana öz təkliflərini göndərdiyi və cavab gözləməsilə bağlı söylədiklərində də diqqətçəkən məqam var: “Onlar (Bakı) bunu nə adlandıracaq, biz nə adlandıracağıq - bu başqa mövzudur. Qərar nə olur-olsun, biz onu öz, onlar da öz adı ilə çağıracaq. Vacib olan məsələnin mahiyyətidir”.
Görünür, Paşinyan maneəsiz dəhlizə ayrı “ad” vermək istəyir ki, daxildə təzyiqlə üzləşməsin. Bizim üçün də dəhlizin necə adlanmasının fərqi yoxdur. Əsas odur ki, maneəsiz dəhliz mövcud olsun və Azərbaycan vətəndaşları pasport yoxlamasına məruz qalmadan Ermənistan üzərindən qatar və maşınlarla Naxçıvana və əksinə keçə bilsinlər”.