27 Fevral 2019 09:01
17 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Brifinq” layihəsinin qonağı AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva ilə müsahibənin ikinci hissəsini təqdim edir.

Müsahibənin əvvəli bu linkdə: https://teleqraf.com/news/toplum/202062.html

Mənsur Rəğbətoğlu: Şah İsmayıl hakimiyyəti və ondan sonrakı dönəmdə Nəsiminin davamçılarına qarşı kəskin mübarizə aparıldı. Maraqlıdır, Şah İsmayılla hürufilərin qarşılıqlı münasibətləri necə idi? Yeri gəlmişkən, Şah Abbasın dönəmində hürufilərə sərt yanaşmanın olduğuna dair iddialar səslənir...

- Nəsimidən sonrakı dövrdə hürufilər siyasi himayədar axtarışını davam etdirdilər. Onların Qaraqoyunlularla çox yaxın münasibətləri vardı. Qaraqoyunlu Cahan şahdan sonra hürufilərin fəaliyyət forması bizə məlum deyil. Ağqoyunlu dövründə onlar siyasi himayədar axtarıbmı, Ağqoyunlular hürufiləri himayə edibmi – bu barədə məlumatımız yoxdur. Hürufilər bir də Şah İsmayılın dövlətində üzə çıxırlar.

Şah İsmayılın məliküş-şüarası, yəni şairlər şairi Həbibi hürufilik təriqətindən idi. Şah İsmayılı və onun babalarını mədh edın Süruri və Tüfeyli onun saray şairləri idi. Şah İsmayılın özü Nəsimini bir neçə şeirində rəğbətlə yada salır, hətta özünü onun ruhunun daşıyıcısı da sayır. O, şeirlərinin birində qeyd edir ki, əgər dediyimə inanmırsınızsa, onda Nəsiminin sözünə müraciət edin. Yəni Nəsiminin sözü və özü onun nəzərində çox ali məqam sahibidir. Şah İsmayıl şeirlərində Fəzlullahın da adını çəkir.

Mən araşdırmalardan belə nəticəyə gəldim ki, Şah İsmayılı hakimiyyətə gətirən batini zümrələrin içində hürufilər də olub. Çünki hürufilərin hər zaman müxtəlif üsyan və etiraz hərəkatları ilə bağlılıqları olub. Şah İsmayılın Fəzlullaha, Nəsimiyə bu qədər rəğbəti həm də onu çevrələyən insanların etiqadından qaynaqlanır.

Hürufilər uzun illər, yəni Çaldıran döyüşünə qədər Şah İsmayılın ətrafındadırlar. Çaldıran məğlubiyyətindən sonra Həbibi Anadoluya aparılır, Süruri Şah İsmayılın sarayını tərk edir, yaxud onu da aparırlar – bu barədə dəqiq məlumat yoxdur. Nəbati hürufi şairidir, çox güman Çaldırandan sonra döyüşlərdə iştirak etdiyindən əsir tutulub Anadoluya götürülür. Bircə Tüfeylinin Çaldırandan sonrakı taleyi bilinmir.

Yəni hürufilər Şah İsmayılın tərəfdarları kimi onun ətrafında idilər. Şah Abbasın dövründə baş verənlərsə artıq başqa hadisədir.

Mənsur Rəğbətoğlu: İdeologiya eyni deyildimi? Şah İsmayılla Şah Abbas dönəmində nə dəyişmişdi ki?

- Çaldırana qədər hürufilər Şah İsmayılın çevrəsindədir. Sonra müxtəlif səbəblərdən onu tədricən tərk edirlər.

Qurban Yaquboğlu: Baş səbəb nə idi?

- Baş səbəbi bilmirəm. Tarixi qaynaqlarda qeyd olunur ki, Şah İsmayıl hakimiyyətə gələndə geniş müzakirələr təşkil olunur. Şiəlik məzhəbinimi dövlətin əsas məzhəbi götürəcəyik, yaxud səfəviyyə təriqətinimi deyə fikir mübadiləsi aparılır

Səfəviyyə kök etibarilə sünni təriqəti idi, amma Şah İsmayıla qədır şiəliyə yönəlmişdi. Müzakirələrdə belə qənaətə gəlinir ki, təriqəti seçsələr, onların ardınca gələn az olacaq, ona görə məzhəbə üstünlük verirlər. Şah İsmayılın dövləti təriqət dövləti olmur. Bu, hürufilərin böyük ümid bəslədiyi dövlət idi, Şah İsmayılı hakimiyyətə hürufilər öz çiyinlərində gətirdilər.

Vaxt ötdükcə Şah İsmayıl doğru olaraq məzhəb yönünü seçir. Məsələn, hürufilərin davamçıları olaraq nöqtəvilər bir də Şah Abbasın dövründə üzə çıxırlar. Nöqtəvilər 7 il boyunca Şah Abbasla müttəfiq olurlar.

Bilirsiniz, Şah Abbas hakimiyyətə çox gənc yaşında gəlir, daim nöqtəvilərin məclislərində iştirak edir. Günlərin birində həmin təriqətdə olan Yusif Sərrac - ona Yusif Nöqtəvi də deyilir - gizli məqsədlərini açır.

Qurban Yaquboğlu: Mirzə Fətəli Axundovun Yusif Sərracı?..

- Bəli, həmin Sərrac tarixi şəxsiyyətdir. Sirr açılanda məlum olur ki, onların məqsədi hakimiyyətə yiyələnməkdir. Nöqtəvilər hürufilərdən də kəskin siyasiləşmişdilər. Bunu başa düşəndə Şah Abbasın məsləhətçiləri qəti qərar verirlər ki, nöqtəvilər ya həbs olunmalı, ya da öldürülməlidirlər. Yusif Sərracın ölüm məsələsi çox maraqlıdır, Mirzə Fətəli Axundov “Aldanmış kəvakib”də hadisəni tarixi köklərə uyğun şəkildə verir. Yusif Sərracın camaat içində nüfuzu yüksək idi, eynən Nəsimi kimi. Onu birdən-birə öldürə bilmir, oyun oynayırlar. Xalq istəyirdi ki, Şah Abbası devirib yerinə Yusif Sərracı hakimiyyətə gətirsinlər.

Yusif Sərrac doğrudan da şah elan edilir. Amma o, ev dustağı idi. Üç gün boyunca heç kəs təzə şahla ünsiyyət yaradıb məlumat ala bilmir.

Nəhayət, hadisələri elə qururlar ki, guya sarayda çaxnaşma baş verir, ulduzların hökmü ilə Yusif Sərrac aradan götürülür.

Mənsur Rəğbətoğlu: Nəsiminin edamına qayıtmaq istərdim, alman mənbələrində iddialar irəli sürülür ki, onun yalnız üzünün dərisi soyulub...

- Alman mənbəyi dediyiniz Mixail Hersdir, onun özünü çox gözəl tanıyıram, dəyərli tədqiqatçıdır, dilçi-türkoloqdur. Fikrimcə, Hersin sözlərini interpretasiya edirlər, o, elə deyə bilməz. “Üz dərisi soyulmaq” deyə hökm yoxdur. Fərmanda deyilir ki, Nəsiminin başı kəsilsin, dərisi soyulsun. Dəri də dabandan soyulur.

Qurban Yaquboğlu: Öldürüləndən sonra?..

- Bəli, Nəsiminin diri-diri dərisinin soyulması ağ yalandır. Əslində Mixail Hers bunu deyib. Nədənsə həmkarlarınız bir az məsələni fərqli yöndə yazır, “Nəsiminin dərisi heç soyulmayıb” deyə şişirtməyə yol verirlər.

Nəsiminin diri-diri dərisinin soyulması və onun həmin zaman şeir söyləməsi xalqın şairə məhəbbətindən yaranmış əfsanədir. İnsanın fizioloji halı belə məqamda şeir deməyə imkan vermir. Orta əsr qaynaqlarında yazılır ki, diri-diri dabandan dərini soymaq ənənəsi olub, amma daban soyulan kimi insan huşunu itirir.

Hələbin 12 qapısı var, hətta rəvayət olunur ki, Nəsiminin dərisi soyulanda öz dərisini çiyninə atıb Hələbin 12 qapısından çıxır... Nəsimi ilə bağlı bu cür rəvayətlər çoxdur.

Mənsur Rəğbətoğlu: “Ənəlhəqq - həqq mənəm” ifadəsinin hürufilikdə izahı necədir?

- Ənəlhəqq təkcə Nəsimiyə aid ifadə deyil, daha öncə Həllac Mənsur da onu işlətmişdi. Amma ifadənin kökü Qurandan gəlir.

Quranda Musa peyğəmbərlə bağlı rəvayətdə deyilir ki, o, qaranlıqda kolda yanan od görür və oradan səs eşidir. Soruşur, sən kimsən? Cavab alır: “innə ni ən Allah” – mən həqiqətən Allaham. Orada səslənən “innə ni ən Allah” ifadəsi sonradan Həllac Mənsurun dilində ənəlhəqqə belə çevrilir: “ənə” – mən, həqq -Allah... Bu, "Allah mənəm" demək deyil.

Sovet dövründə “ənəlhəqq” çox zaman yanlış interpretasiya olunurdu, Nəsimi Allahın varlığını yox, tam əksinə, öz varlığını inkar eləyirdi. Bunun daha dəqiq açıqlamasını Mövlanə Cəlaləddin Rumi “Fihi mə fih” əsərində qeyd edir: “O kəslər ki, ənəlhəqq - mən həqqəm deyir, onlar həqiqəti söyləyir. O kəslər ki, mən Allahın bəndəsiyəm söyləyir, onlar küfr edir. Çünki onlar həm özünün, həm də Allahın varlığını iqrar edirlər”.

“Mən Allaham” deyənlər öz varlığından keçmiş kimsələrdir, öz varlığını heçə çevirib, yerə sovurublar, artıqvar olan Allahdır. “Ənəlhəqq”ə belə yanaşma Nəsiminin şeirində də var:

Doldu vücudum evi sənlik,

Məhv oldu, ey dost, məndə mənlik.

Nərgiz Ehlamqızı: Nəsiminin məzarını yəqin ziyarət etmisiniz?

- Suriyada konfransda iştirak edəndə ziyarət eləmişəm.

Nərgiz Ehlamqızı: Neçənci il idi? Onda məzar dağıdılmamışdı?

- Mən Suriyaya, Hələbə 2008-ci ildə getmişdim, qəbir salamat idi, heç indi də dağıdılmayıb. Keçən il Nəsimi festivalına şairin nəslindən olan və onun soyadını daşıyan Məhəmməd Nəsimi də dəvət olunmuşdu. Tədbirə o, anası ilə gəlmişdi. Ona sual verdim ki, sevimli şairimizin məzarı ilə bağlı həyəcanlı xəbərlər gəlir, məzarı hazırda nə vəziyyətdədir? O, tam təfərrüatlı məlumat verdi ki, müharibə gedən ərazidir, əlbəttə, müəyyən dağıntılar var, amma məzarın tamamilə yerlə-yeksan olunması barədə söylənənlər yalandır.

Mən Hələbdə olanda gördüm, Nəsiminin qəbri məscidin içində yerləşir, kənarda onun nəslindən olan insanların da məzarı var. Kümbəzdə uçmaq təhlükəsi olan yerlər var, köhnə binadır. Amma qəbrin dağılmaq təhlükəsi yoxdur.

Qurban Yaquboğlu: Nəsiminin qohumunun açıqlamaları yayılandan sonra sosial şəbəkələrdə müzakirələr getdi, müəyyən şübhələr ortaya atıldı... Daha bir sual var: Nəsimi evlənmişdimi?

- Nəsiminin əsərlərində avtobioqrafik beytlər çoxdur, öz həyatına, tərcümeyi-halına aid bir sıra işarələrə yer verib. Onun məqsədi həyatını nəzmə çəkmək deyildi, amma məqamı gələndə bəzi cəhətləri qeyd edirdi. Maraqlıdır ki, Nəsimi hürufiliyi qəbul edəndə subay idi.

Nərgiz Ehlamqızı: Nədən bilinir?

- Nəsimi Hafiz Şiraziyə bir məktub ünvanlayaraq deyir ki, "biz də sənin kimi mücərrədlik küçəsində təcridik". Araşdırmalarım göstərdi ki, Nəsimi mədrəsə təhsilini bitirəndən sonra bi müddət din alimi kimi fəaliyyət göstərir, ondan sonra hürufiliyə qədər qələndərilik təriqətinə daxil olur, istər türkcə, istərsə də farsca şeirlərində buna işarələr var. Farsca şeirlərində də mücərrəd, yəni subay olduğunu deyir.

Hafiz 1389-cu ildə vəfat etdiyinə, hürufilik 1386-cı ildə üzə çıxdığına görə düşünürəm ki, bu illər ərzində Nəsimi subay olub. Hürufiliyin ilk illərində də subay idi, çünki hürufiliyi qələndərilər arasında yayanda da özünə mücərrəd deyir, yəni subay olduğunu vurğulayır. Amma bu o demək deyil, Nəsimi ona qədər evli olmayıb.

Araşdırmalarıma görə, Nəsimi qələndəriliyə qədər evlənib, amma bu, uğursuz evlilik olub. Əsərlərində işarələr var, “ol gedən getdi əlimdən” deyib ağı dediyi şeiri var. “Fələk cəfavi-cövr ilə məndən aldı yarımı” deyə yazır. Bu baxımdan Nəsiminin də Nizami, Xəqani kimi ilk məhəbbəti uğursuz olub.

Qurban Yaquboğlu: Sizin qənaətinizə görə, hürufiliyə qədər Nəsimi Təbrizdə yaşayıb?

- Bəli, Təbrizdə, İsfahanda, Şirazda... Bir müddət Hafizin yanında Şirazda olub. Hafizin şeirlərinin birində müraciəti var ki, Şirazdan gedən Nəsimiyə deyin, qayıdıb gəlsin.

Nərgiz Ehlamqızı: Bəs evliliyini hansı fakt təsdiqləyir?

- Nəsimi bir şeirində deyir ki, “çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi”. Künyə böyük oğula görə ataya verilən addır. Şair həm Allahın təqdiri ilə oğul sahibi olduğuna işarə edir, həm də həqdən, yəni Fəzlullaha görə oğlunun adının Fəzl qoyduğunu vurğulayır. Farsa şeirində də Əbülfəzl künyəsinə rast gəldim, başqa türkcə şeirində də özünə Əbülfəzl Nəsimi adını verir. Daha bir qaynaqda Nəsiminin həm də qız atası olduğu aydınlaşır. Nədənsə mənə qədər ərəbcə qaynaq kiminsə diqqətini cəlb etməmişdi, ilk dəfə onu mən üzə çıxardım. Orada yazılır ki, Nəsiminin qızı Zülqədər bəyi Nəsirəddin bəyin zövcəsi idi və onların bir övladı vardı. Həmin Nəsirəddin bəyin adı Nəsiminin edamında da çəkilir. Təəssüf ki, Nəsiminin qızının adı həmin qaynaqda qeyd olunmur.

Misir sultanı sona qədər qisasını alır. Nəinki Nəsimini Nəsirəddin bəydən tələb edib həbsə atır, eyni zamanda qızının da ayrılmasına səbəb olur. Misir sultanı həmin izdivacı pozdurur.

Qurban Yaquboğlu: Hazırda yaşayan Məhəmməd Nəsimi, sizcə, övladlarından hansına bağlıdır?

- Çox güman ki, qızının yox, oğlunun xətti ilə gəlir.

Qurban Yaquboğlu: Nəsiminin həyat yoldaşı kim olub?

- O haqda heç bir məlumat yoxdur.

Mənsur Rəğbətoğlu: Deməli, Nəsimi erkən yaşda evlənib. Evlənəndə yaşı az çıxır...

- Az deyil. Nəsiminin yaşı rəsmi qəbul olunandan fərqlidir. Şairin rəsmi qəbul olunmuş doğum tarix də ehtimallara söykənir. Tədqiqatçı Ələmdar Seyidzadəyə Allah rəhmət eləsin, bir az da fantaziyaya meylli tədqiqatçı olub, çox zaman qaynaqdan çox təxəyyülün məhsulunu təqdim edib. “Nəsiminin elmi tərcümeyi-halına dair qeydlər” məqaləsində yazır ki, Nəsimi ilə Fəzlullah ata-oğul kimi olublar, bir-birinə ata və oğul deyiblər. Halbuki heç bir qaynaqda bu, təsdiqini tapmır. Deyir, Nəsimi hürufuliyə gələndə 16 yaşı var idi. Sonradan Nəsimi haqda yazılan tədqiqat əsərlərinə də bu bir fakt kimi daxil oldu – guya Nəsimi erkən yaşlarda hürufiliyi qəbul edib.

Fəzlullahın vəsiyyətnaməsi üzə çıxanda orada belə bir qeyd önə çəkilir: “Kiçik qızım Nüsrət Seyid Əliyə ərə getsin”. Belə fikirləşirlər ki, Seyid Əli ola bilsin, elə Nəsimidir. Tədqiqatçılar həm də belə ehtimal irəli sürürlər ki, necə ola bilər Fəzlullah Nəsimi kimi tanınmış bir şəxsin adını vəsiyyətnaməsində yad etməsin, bu Seyid Əli, elə İmadəddin Nəsimidir. Kiçik qızını da ona ərə getməyə uyğun bilirsə, yəqin Nəsiminin o vaxt 25 yaşı olub.

Hürufiliyin tarixinə uyğun olaraq Nəsimiyə 16 yaş hesablayıblar, buradan 25 yaşı da götürüb Nəsimiyə bir təvəllüd tarixi fikirləşiblər.

Əvvəla, Seyid Əli Nəsimi deyil. Çünki eyni qaynaqda hürufi mətnlərində “Seyid Əli” Əli ül-Əlanın adı kimi göstərilir, elə az sonra onun ardınca Seyid İmadəddin Nəsimi deyə bəhs edilir.

Nəsiminin özü də Əli deyəndə ya Həzrəti Əlidən söz açır, ya da dostu Əli ül-Əladan. “Mən həqqəm” deyən adam bir yerdə də “Əli mənəm” demir. Halbuki adı Əli olsaydı, israrla deyərdi ki, elə Həzrəti Əlinin ruhunun daşıyıcısıyam.

Fəzlullahın kiçik qızının Seyid Əliyə ərə getməsi faktından çıxış edib, Nəsimiyə təvəllüd tarixi düzəltmək absurddur.

Qurban Yaquboğlu: Nəsiminin təvəllüdü neçənci illəri əhatə edir?

- Nəsiminin təvəllüdü haradasa 10 yaş fərqlidir. Çünki bu adam ciddi mədrəsə təhsili görüb, mədrəsə isə o dövrdə 20-25 yaşlarda bitirdi. Nəsimi mədrəsə təhsilini bitirəndən sonra bir müddət din alimi kimi fəaliyyət göstərir, haradasa 2-3 il hesablasaq, həyatındakı baş verən sarsıntıdan sonra qələndərilik yolunu seçir, ən nəhayət, hürufiliyə gəlir.

O, hürufliyə gələndə Fəzlullahla bəzi məsələlərdə razılaşmır, artıq onun fikri-düşüncəsi formalaşıb, bu, 16 yaşlı uşağın düşüncəsi deyil. Bu baxımdan onun təvəllüdünü 10 yaş böyütmək olar. Fəzlullahın doğum tarixi bəllidir, 1344-cü ildir, haradasa Nəsimi ondan 17-18 yaş kiçik olmalıdır. Mənim qənaətim budur.

Qurban Yaquboğlu: Hürufilik niyə sonrakı dövrdə təriqət olaraq tarix səhnəsindən çıxdı?

- Hüruflik XVI əsrdən etibarən müxtəlif təriqətlərin, o cümlədən bektaşiliyin, qələdəriliyin, digər təriqətlərin içində əridi. Kakaiyyə deyilən təriqət haqda məlumat almışam, o təriqətdə də hürufiliyin izlərinin olduğu barədə məlumat var. Hürufilik çox mürəkkəb, hər zaman adı siyasi konfliktlərlə, intriqalarla əlaqələndirilən təriqət idi. Əsərləri oxuyanda insan çox yorulur, hərflərin anlamları, hərflərin arxasında duran saylar, sayların bir-biri ilə münasibəti riyazi-fəlsəfi təfəkkür tələb edir. Hürufiliyin kütləviləşməsi əslində Nəsimi ilə başlayır, geniş yayılandan sonra da ikinci həyatını başqa təriqətlərdə tapır, daha çox qələndəriliyin və bektaşiliyin içində əriyir. Yeri gəlmişkən, əhli-həqlər də özlərini hürufilərdən bilir.

Mənsur Rəğbətoğlu: Nəsiminin “Sığmazam” qəzəlində “Məndə sığar iki cahan” misrasında “iki” sözünü “ikən” kimi izah edənlər də var. Bu barədə fikriniz nədir?

- “İkən” variantı rəhmətlik Bəxtiyar Vahabzadənin ehtimalı idi. Sovet adamı kimi düşünürdü ki, bir insana iki cahan necə sığa bilər... İki cahan deyəndə məsələyə dindarların mövqeyindən baxırdı, bu dünya və o dünya, axirət dünyası insana sığa bilməz deyə qeyd edirdi.

Nəsiminin əlyazma nüsxələrində, elmi-tənqidi mətnlərinin heç birində “ikən” variantı yoxdur, hamısında “iki”dir.

Digər tərəfdən, Nəsiminin bu şeiri əvvəldən sonadək ikilik, ziddiyyətlərin vəhdəti üzərində qurulub, ərş-fərş, surət-məna və s. İkiliklər qəzəlin bünövrəsidir. Nəsiminin nəzərdə tutduğu ikinci cahan bizim düşündüyümüz nə axirətdir, nə də başqa aləm, o, candır, insan canı.

Mən həmişə Nəsiminin fikirlərini açanda öz şeirlərinə söykənirəm, çünki açarı çox zaman özündə olur. Təbliğatçı olduğuna görə Nəsimi bir yerdə qapalı dediyini başqa bir yerdə açıqlayır. Deyir:

Var bu cahandan özgə bizim bir cahanımız,

Kim bizim cahanımız olmuş bu canımız.

İkinci cahan candır. Bunun da çox dərin fəlsəfi kökləri var. Ərəblər islamı yeni qəbul edəndə yunanlardan tərcümə vasitəsilə iki cahan anlayışını aldılar. Onların düşüncəsinə görə, insan maddi varlığı ilə kainatdakı dəyişmələri özündə əks etdirir. Sonradan bu, İsmaililikdə lap qabarıq üzə çıxdı. İnsanla kainat arasında maraqlı paralellər aparıldı, kainatı makrokosm, insanı mikrokosm kimi götürdülər.

Beləliklə, insan təbiətin bir parçası, onun sanki kiçildilmiş modeli hesab olunur. Hürufiliyin qaynaqlarından biri də ismaililikdir. Nəsimi qələndərilik təriqətindən çıxdığı kimi Fəzullahın da ismaililikdən çıxıb hürufiliyə gəldiyi söylənilir. Açığı, hürufi mətnlərində rast gəlmədim, amma araşdırmalarda bu barədə məlumat var.

Hürufiliyə və Nəsiminin görüşünə görə, insan kiçik, cahan iaə böyük aləmdir. Böyük aləmdə hər nə var insanda əksini tapır. İnsan cismi varlığı ilə təbiətə, ruhu və canı ilə Allaha bağlıdır, ona görə də Nəsimi şeirində ikilik belə gedir: can-cahan, can-canan...

”Mən bu cahana sığmazam” deyəndə bu, mən mənə sığmazam deməkdir, mən özümdə kainatda baş verənləri əks etdirirəm, canda cahan öz əksini tapır, eyni zamanda mən buna sığmıram. Axı, insan ilahi varlıq etibarilə cismə sığmır...

Qurban Yaquboğlu: Nəsiminin türk olduğu mübahisəli deyil ki?

- Xeyr. O, özünün türkman olduğunu deyir: “Ərəbin nitqi tutuldu, sənə kim deyir ki, türkmansan”. Amma bu türkman hazırda türkmən alimlərinin iddia etdiyi kimi indiki Türkmənistan ərazisindəki əhalinin milliyyətini ifadə etmir. Orta əsrlərdə Faruk Sümerin araşdırmalarına görə, XVI əsrə qədər “türkman” “türk” kimi geniş bir etnonim idi. Yəni türk xalqlarının böyük əksəriyyəti türkman adlanırdı. O türkmanların yayılma arealına Azərbaycan da daxildir. Bu gün Azərbaycanda tərəkəmələr də var. Biz türkman hesab olunmuşuq.

Amma çox təəssüf ki, zaman keçdikcə “türkman” sözünün əhatə dairəsi daralmağa başlayır, onun yerini “türk” etnonimi alır. Bu mənada biz bu gün Nəsiminin türkman olduğunu deyəndə bunun ətrafında çox böyük mübahisələr başlayır. İraq türkmanları deyir bizdəndir, Türkmənistan türkmənləri deyir, xeyr, bizimdi... Türkiyədə də yenə onun türkmanlığı ətrafında mübahisələr var. Bununla belə, türkmanların tarixi inkişafına, keçdiyi yola baxanda görürük ki, Nəsimi Azərbaycan türküdür. Dil baxımından da, mənsub olduğu coğrafiya baxımından da.

Qurban Yaquboğlu: Bəs seyidliyinə şübhə var?

- Yoxdur. Özü də seyid olduğuna inanıb. Dönə-dönə Haşimi, Qüreyşi, İbrahimi nəslinə bağlılığını vurğulayıb.


Müəllif: Nərgiz Ehlamqızı