Ermənistan hökumətində son kadr dəyişikliyi baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın xarici siyasət kursunu dəyişdirdiyi təəssüratı yaradır. Rusiya əleyhinə olanlar mühüm postlara təyin olunurlar. Paşinyan Vaqarşak Arutyunyan kimi rusiyapərəst şəxsləri istefaya göndərir, Qərb mərkəzlərinin nəzarətində olan şəxslərə vəzifə verir.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası yazır.
Qeyd olunur ki, bu cür davranış Rusiya və Rusiyapərəst dairələrin diqqətindən yayınmır. O da iddia olunur ki, bu kimi faktlar sülhməramlıları narahat edir.
“Sünikdəki rus sülhməramlıları erməni əhalisi ilə təmas zamanı narazı olduqlarını gizlətmir və bildirirlər ki, Ermənistan-Azərbaycan sərhədində gərginliyin yaranmasında erməni hökuməti günahkardır. Hökumət hər şey edir ki, Rusiyanın öz vəzifəsini yerinə yetirmədiyi təəssüratı yaransın. Bütün bunlar Qərb qoşunlarını bölgəyə gətirmək məqsədi güdür”,- məqalədə vurğulanır.
Məqalədə diqqət Fransanın Ermənistandakı səfirinin dünən verdiyi açıqlamaya çəkilir, bildirilir ki, diplomat Fransa tərəfinin müdafiə məsələsində Ermənistanın təklifini müzakirə edəcəyini elan edib. Söhbət Minsk qrupuna üzv ölkələrin qoşunlarının bölgəyə gətirilməsindən gedir.