Gecə saatlarında Ermənistan-Azərbaycan sərhədində baş vermiş atışmada erməni tərəfinin 3 hərbçisi həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Açıqlamada atışmanın səhər saat 4 radələrində sərhədin şimal-şərq istiqamətində baş verdiyi qeyd edilib. Nazirliyin son məlumatına görə, Ermənistan tərəfinin üçü ölüsü, iki yaralısı var.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz yaralanıb.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
“Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, - açıqlamada qeyd olunub.