17 Avqust 2021 14:04
14 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın bundan sonra heç bir şansı yoxdur, müharibədə ağır məğlubiyyətlə üzləşən bədnam düşmən Azərbaycanla normal münasibətlər qurmağa məcburdur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Azərbaycan dövlət başçısının Laçın və Kəlbəcər rayonlarına səfəri çərçivəsində verdiyi açıqlamalara diqqət çəkib:

“Prezident İlham Əliyev Kəlbəcər və Laçına səfərində Qaragöl və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Ermənistana mesajlar verdi. Xüsusilə, Ermənistanın iddia etdiyi Qaragöl haqda “Azəbaycanındır” açıqlaması ilə ermənilərin bu göl üzərindəki spekulyasiyalarına son qoydu. Həmçinin Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası prosesində iştirak etməsə belə, Azərbaycanın öz sərhədlərimizi müəyyən etdiyini bildirdi. Əgər ermənilər təxribatlara əl atsalar, lazım bildiyi ərazilərdə yerləşməyin mümkünlüyünü də vurğuladı.

Ermənistanın bundan sonra heç bir şansı yoxdur. Müharibədə ağır məğlubiyyətlə üzləşən Ermənistan Azərbaycanla normal münasibətlər qurmağa məcburdur. Hesab edirəm ki. hazırkı gərgin situasiyada Prezidentin Kəlbəcər və Laçına səfəri xüsusi əhəmiyyət daşıyır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan lideri səfərində Murovdağdan Araz çayına qədər hərbi hissələrin inşası və sərhədlərdə möhkəmlənmə işlərinə də diqqət çəkib:

“Azərbaycan başçısı bununla Ermənistanla sərhədlərimizin tam nəzarətə götürüldüyünü elan etdi. Laçın dəhlizi yaxınlığından verilən bu mesajların xüsusi önəmi var. Bu, həm də Azərbaycan ordusunun növbəti mərhələdə yeni postunun bu dəhlizdə qurulacağına ünvanlanmış mesajdır. Bu, o anlamda qəbul edilməlidir ki, Azərbaycan Laçın dəhlizinə nəzarətini təmin etmək üçün planlı hərəkət edir. Çünki Laçın dəhlizindəki hazırkı durum ölkəmizin milli təhlükəsizliyi və ərazi bütövlüyünü təhdid edir. Qanunsuz erməni birləşmələri bu dəhliz vasitəsilə Qarabağa daşınır. Ordumuzun Şuşa və digər ərazilərdəki mövqelərini də bu birləşmələr atəşə tutur”.

Məhəmməd Əsədullazadənin iddiasına görə, Azərbaycanın növbəti hədəfi Laçın dəhlizinə nəzərətin bərpa edilməsi ola bilər: “Bu, Qarabağdakı qanunsiz silahlı birləşmələrin Azərbaycan ərazilərindəki varlığının sonu deməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu