Ermənistan hakimiyyəti silahlı qüvvələrin sabiq Baş Qərargah rəisi, general Movses Akopyanın məhkəmədə 44 günlük müharibə ilə bağlı açıqlayacağı faktlardan qorxur.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni media qurumları bildirib.
Erməni mediası mövzunu inkişaf etdirərək yazıb ki, general Akopyanın cinayət işini məhkəmə məlumat sistemində məhdudlaşdıran siyasi hakimiyyət bununla kifayətlənməyərək məhkəmə iclasının bağlı qapılar arxasında keçirilməsi barədə göstəriş verib.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti general Akopyanın müharibənin gedişatı ilə bağlı qalmaqallı açıqlamalar verməsinə və dövlət sirri təşkil edən məlumatları açıqlamasına görə cinayət işi açıb.
Artıq aydın olub ki, generalın məhkəmə prosesi qapalı keçiriləcək. Bu isə onunla izah edilir ki, Akopyan məhkəmə prosesi zamanı müharibəyə dair elə faktlar açıqlaya bilər ki, bu, mövcud hakimiyyət üçün problem yarada bilər.