17 Sentyabr 2021 15:52
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni müxalifəti mayda keçirilən parlament seçkilərindən sonra sükunəti pozaraq Baş nazir Nikol Paşinyana qarşı yenidən küçə aksiyalarına başlamaq qərarına gəlib.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə parlamentdəki “Ermənistan” blokunun üzvü, vitse-spiker İşxan Saqatelyan bildirib.

O deyib ki, ölkə taleyüklü bir dövr keçir, dövlətçiliyimiz real təhlükə altındadır: “Küçə aksiyalarının yenidən başlamasına razılıq verərək müzakirələr apardıq və gələcək hərəkətlərimizi planlaşdırdıq”.

“Ermənistan” blokundan olan deputat Qeqam Nazaryan isə 44 günlük müharibə zamanı ölən erməni əsgərlərinin valideynləri və qohumlarına müraciət edərək onları bu gün saat 17:00-da İrəvandakı Respublika meydanına çağırıb.

Oğlu Qarabağda öldürülən deputat bildirib ki, onlar bu yolla Ermənistanda 21 sentyabrda planlaşdırılan rəngarəng konsertin ləğv edilməsinə nail ola bilərlər.

“Biz tələbimizi təkrar edirik və bu gün saat 17:00-dan etibarən İrəvandakı Respublika meydanında, tikilməkdə olan səhnənin qarşısına toplaşırıq ki, tələbimiz daha aydın görünsün və başa düşülsün”, - erməni deputat vurğulayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər