30 Noyabr 2021 19:26
4 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyası “Dövlət sərhədi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, erməni deputatlar respublikanın hava məkanının pozulduğu halda hava hücumundan müdafiə qüvvələrinin tətbiqi qaydasını müzakirə edib.

Qanun layihəsini Ermənistan Müdafiə Nazirliyi hazırlayıb. İclasda müdafiə nazirinin müavini Arman Sarkisyan da iştirak edib.

Nazir müavini qanun layihəsi ilə bağlı müzakirələrdə deyib ki, başqa ölkənin təyyarələri və ya digər aviasiya vasitələri Ermənistanın hava məkanını pozduqda, dövlətə qarşı düşmənçilik hərəkətləri həyata keçirdikdə, hava hücumundan müdafiə qüvvələri onları müşayiət etmək və respublika ərazisinə enməyə məcbur etmək hüququna malikdir: “Təyyarə tələbləri yerinə yetirməkdən imtina edərsə, hava hücumundan müdafiə qüvvələri onu məhv etmək qərarına gəlir”.

Düzəlişləri təqdim edən Sarkisyan qeyd edib ki, bütün bunların praktikada necə ediləcəyini qanunvericilik səviyyəsində tənzimləmək lazımdır. “Dövlət Sərhədi haqqında” qanunda hava hücumundan müdafiə vasitələrinin tətbiqi qaydası hələlik açıqlanmayıb. Məsələn, belə bir vəziyyətdə hansı dövlət qurumlarının birgə fəaliyyət göstərməli olduğu, Müdafiə Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi arasında koordinasiyaya ehtiyac varmı, kimlərin məhv edilməsi əmrini verməlidir, onun icrasına nə qədər vaxt verildiyi bəlli deyil”.

Bugünkü müzakirələrin məqsədi bütün qeyd olunan prosedurları konkretləşdirmək üçün hökumətə səlahiyyət verməkdir. Qeyd edək ki, komissiya təqdim olunan qanun layihəsinə müsbət rəy verib, onu parlamentin plenar iclasının gündəliyinə salınmasını tövsiyə edib.

Qanun layihəsində daha hansı məsələlərin dəyişdirilməsinə dair əlavə məlumat yoxdur.


Müəllif: Nemət