“Bu gün İrəvanda mitinq keçirən müxalifət ancaq hakimiyyətə gəlmək həsrətini çəkir, başqa istəyi yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Arusyak Manavazyan deyib.
Onun fikrincə, bu gün meydana çıxanlar müharibədən sonra hökumətə etiraz edən eyni adamlardır.
Manavazyan bu etiraz aksiyalarının da eyni sonluqla – nəticəsiz bitəcəyini söyləyib: “Onlar (müxalif deputatlar) tükənmiş, sönmüş halda yenidən parlamentə qayıdacaqlar. İnanmaq istəyirəm ki, təkcə Artur Vanetsyan deyil, digərləri də istefa verəcəklər”.
Deputatın sözlərinə görə, müxalifət gözlənilməz, arzuolunmaz, aşkar aqressiv davranış nümayiş etdirir:
“Müxalifət ancaq zorakılıq təbliğatı, nifrət nitqi ilə parlayır və bu cür davranışları olan parlament müxalifətindən təxribat da gözləmək olar. Ancaq deməliyəm ki, bu cür davranış artıq bir neçə dəfə rədd edilib və bu gün də həminki aqibətlə üzləşəcək”.
Manavazyan bildirib ki, iqtidar az da olsa inam yaradacaq gündəmi və proqramı olmayan müxalifəti ciddi qəbul edə bilməz:
“Bunu dünənki mitinqdə tribunada qeyri-ciddi çıxışlarda gördük. Müxalifət ancaq hakimiyyət həsrətindədir. Onlar hələ də seçkilərin nəticələrini qəbul etmirlər”.
Manavazyan müxalifətin Qarabağ separatçıları ilə bağlı planlarının olmadığını da iddia edib: “Əminəm ki, müxalifətin “Artsax”la bağlı heç bir təklifi və ya fəaliyyət planı yoxdur”.