19 Mart 2023 15:54
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq Cinayətlər Məhkəməsinə üzv olsaq, Rusiya Prezidenti Vladimir Putini həbs etməli olacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni hüquqşünas Qurgen Petrosyan deyib.

“Beynəlxalq Cinayətlər Məhkəməsinə üzv dövlətlər Rusiya prezidentini həbs etməyə borcludurlar. Eyni zamanda, bu qərar başqa məqsəd də daşıyır. Bu məqsəd onun səfərlərini məhdudlaşdırmaqdır. Putin artıq beynəlxalq məhkəməyə üzv 123 ölkəyə sərbəst səyahət edə bilməz. Çünki bu halda həmin 123 ölkə Putini həbs edib Beynəlxalq Cinayətlər Məhkəməsinə vermək məcburiyyətində qalacaq”, - erməni hüquqşünas bildirib.

Petrosyan Ermənistanın BCM-ə üzvlüyü məsələsinə də toxunub:

“Əgər bizdə Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmağa hazırlaşırıqsa, o zaman bizimlə bağlı da bu məsələ (Putinin həbsi) ortaya çıxacaq. Bu durumda Rusiya prezidentinin və digər hərbi rəsmilərin Ermənistana səfəri məhdudlaşdırıla bilər, onları həbs etməyə məcbur olacağıq”, - ekspert bildirib.

Ekspert Rusiyanın Ermənistanın BCM-ə üzvlüyünün qarşısını almağa çalışacağını da iddia edib:

“Burada sual yaranır ki, üzv olmamağımızla bağlı Rusiya tərəfdən bizə hansı siyasi təzyiqlər olacaq? Çünki bu məsələ çoxlu sayda başqa problemlərə səbəb ola bilər. Beynəlxalq Cinayətlər Məhkəməsinə daxil olsaq, Rusiya bizi hər formada cəzalandırmağa çalışacaq, qoşulmasaq, Qərb dövlətləri bundan bizə qarşı istifadə etməyə çalışacaqlar ki, bax, hərbi cinayətkarla əməkdaşlıq edirsən və sair. Yəni üzvlüyümüzlə bağlı çox ciddi siyasi problemlər yaranır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər