“Regionda (Cənubi Qafqazda) istənilən geosiyasi dəyişiklik qeyri-sabitliyə və böhranın eskalasiyasına gətirib çıxaracaq”.
Teleqraf.com xəbər verir ki, bunu İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan erməni həmkarı Armen Qriqoryanla görüşündə deyib.
Əhmədiyan görüşdə Cənubi Qafqazda baş verən son hadisələrə və regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün bütün tərəflərin səylərinin zəruriliyinə diqqət çəkib. O, “İranın qonşuları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və regionun istənilən gərginlik və münaqişədən uzaqlaşdırılması istiqamətində prinsipial və ardıcıl siyasəti”ndən danışıb.
“Region ölkələri arasında səmimi və konstruktiv dialoq region əhalisinin sabit təhlükəsizliyi, balanslaşdırılmış inkişafı və rifahının əsasını qoyur. İran lazımi şəraiti təmin etməyə və region ölkələri arasında görüş təşkil etməyə hazırdır”, - Əhmədiyan deyib.
Milli Təhlükəsizlik Şurasının katibi həmçinin İranın Ermənistanla bütün sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu bəyan edərək, ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.