ABŞ və Avropada bir çoxlarının Ermənistana müsbət münasibət bəsləməsinə rəğmən, adıçəkilən ölkədə cinsi təcavüz və məişət zorakılığı qurbanlarını de-fakto qanuniləşdirən zorlama mədəniyyəti bərqərardır.
Teleqraf.com xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham baş qərargahı Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş məqaləsində yazıb.
“Ermənistanda zorlama mədəniyyəti geniş yayılıb" sərlövhəli məqalədə qeyd olunub ki, Britaniya hökuməti dərc etdiyi təlimatlarda öz vətəndaşlarına Ermənistanda zorlamaya məruz qaldıqları halda bu barədə polisə məlumat verməyin mürəkkəb və vaxt aparan proses ola bilməsinə dair xəbərdarlıq edib. Bildirilib ki, bu ölkədə yerli məmurlar cinsi təcavüz qurbanlarına kömək etmək üçün xüsusi təlimlər keçməyiblər.
Məqalədə, həmçinin diqqətə çatdırılıb ki, Ermənistanda zorlama və digər cinsi zorakılıq aktlarının cinayət əməlləri olması əslində nəzəri xarakter daşıyır və sözügedən müddəanı həmin cinayətlərin mühakimə olunma nisbətinin olduqca aşağı olması gerçəkliyi təsdiqləyir. Bütün söylənilənlərin fonunda bu ölkədə cinsi zorakılıq qurbanlarının üçüncü şəxslər qarşısında ifadə verməsi tələb olunur və bu azmış kimi onların şəxsi məlumatlarının məxfiliyini pozanları məsuliyyətə cəlb etmək üçün qanunvericilik mövcud deyil.
Tanınmış politoloqun yazısında “Amnesty İnternational” təşkilatına da istinad olunub: “Ermənistan Avropa Şurasının üzv ölkələri arasında məişət zorakılığını kriminallaşdıran qanunvericiliyə malik olmayan yeganə ölkədir”. “Human Rights Watch” təşkilatının son hesabatına görə isə, Ermənistan hələ də Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında Konvensiyası”nı müxtəlif əsassız bəhanələrlə ratifikasiya etməyib.
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: