Keşiş Barqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat Ermənistan Baş naziri Nikol Paşinyana qarşı irimiqyaslı mitinqə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bunu hərəkatın üzvü, Ermənistan parlamentinin deputatı Qarnik Danielyan deyib.
Siyasətçi hazırda Qalstanyanın İrəvan və bölgələrdə aktiv görüşlər keçirdiyini, hərəkatın sıralarını genişləndirməyə çalışdığını bildirib.
“Hərəkat öz işini görür, aktiv hazırlıq mərhələsindədir. Sentyabrda idman-konsert kompleksində böyük tədbir planlaşdırırıq”, - Danielyan vurğulayıb.
Revanşist hərəkatın Paşinyan hökumətinə qarşı aksiyalara noyabrda başlayacağı gözlənilir. "Vətən naminə Tavuş" adlı hərəkatın bundan əvvəl, mayda başlayaraq iki ay davam edən aksiyaları fiasko ilə nəticələnib.
Revanşistlər və hərbi cinayətkarlardan ibarət hərəkat Azərbaycanla sülh müqaviləsi və sərhədin delimitasiya-demarkasiyasına qarşı çıxır, hər iki prosesin dayandırılmasını tələb edir. Bu yolda da əsas hədəf Nikol Paşinyanı devirməkdir.