Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan qarşıdan gələn parlament seçkiləri ilə bağlı fəallaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Son zamanlar müxtəlif dairələrdə Serj Sərkisyanın aktiv siyasi təmasları barədə çox danışılır. Bəziləri onun qarşıdakı siyasi proseslərdə mümkün aktivliyi ilə bağlı fikirlər səsləndirir, bəziləri də onun həmişə fəal təmaslarda olduğunu iddia edirlər. Amma sabiq prezidentin yaxınlarda Moskvaya qısamüddətli səfər etdiyi və orada bir qrup erməni iş adamı ilə görüşdüyü barədə məlumat almışıq.
Ola bilsin, qarşıdakı mümkün erkən seçkilər ərəfəsində onların əhval-ruhiyyəsini və fəallaşma imkanları ilə bağlı fikirlərini şəxsən öyrənmək qərarına gəlib. İndi Ermənistanda bütün siyasi qüvvələr, xüsusən də hakimiyyət erkən seçkilərlə bağlı müzakirələr aparır”, - məqalədə deyilir.
Nəşr Baş nazir Nikol Paşinyanın artıq mümkün seçkilərə hazırlaşdığını da yazır:
“Həddindən artıq fəallığı seçkiqabağı kampaniyanı xatırladan Paşinyan bu mövzunun genişlənməsinə öz töhfəsini verir. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının bəzi üzvləri də buna inanır, amma o, bir neçə ay əvvəl növbədənkənar seçkilərin olmayacağını söyləmişdi”.