Ermənistanın Avropa Birliyinin (AB) Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı son bəyannaməsinə qoşulması onun üçün fəlakət olardı.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.
“Ermənistan olmamalı olduğu çərçivədədir. Avropa onu seçim qarşısında qoydu, əgər hökumət o sənədi imzalasaydı, bu, Ermənistan üçün tam bir fəlakət və Rusiya ilə bütün münasibətlərin tamamilə kəsilməsi olardı. Paşinyan buna hazırdırmı? Ermənistan hazır deyil”, - ekspert bildirib.
Tarasov hesab edir ki, Ermənistan özünə problemlər yaradır, sonra bu problemləri siyasətə çevirməyə çalışır:
“Əvvəl meydan oxuyub sonra tamaşa düzəltmək lazım deyil. Lavrovun Ermənistanda keçirilən foruma qatılmaması bəs edir. Bu, Rusiyanın belə bir siyasi vəziyyətdə Ermənistanı görməzdən gələ biləcəyinin göstəricisidir. Dəvət etmişdilər, amma Lavrov getmədi. Bu sadəcə bir reaksiyadır”.
Politoloqun fikrincə, Ermənistan-Rusiya münasibətlərində durum hələ də pisdir. Onun sözlərinə görə, Ermənistanın Rusiyadakı imici heç vaxt indiki qədər aşağı olmayıb.
Baş nazir Nikol Paşinyanın Kazanda keçiriləcək BRİKS sammitində iştirak qərarına gəlincə, Tarasova görə, bunun heç bir mənası olmayacaq: “Ermənistan Türkiyə və Azərbaycandan fərqli olaraq orada adi bir qonaq olacaq”.
Ermənistan sentyabrın 5-də Avropa Şurasının Ukrayna ilə bağlı qəbul etdiyi bəyannaməyə qoşulmayıb. Şuranın “Ukraynada törədilmiş beynəlxalq cinayətlərə görə məsuliyyətə doğru” adlı bəyannaməsində Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayətlər Məhkəməsinin qərarı dəstəklənir və Ukraynaya qarşı təcavüz cinayətlərinə görə xüsusi tribunalın yaradılmasına çağırış edilir.
Rusiya xarici işlər nazirinin imtina etdiyi tədbirə gəlincə, söhbət sentyabrın 10-da Ermənistanda keçirilən "İrəvan Dialoqu" adlı beynəlxalq forumdan gedir.