Vətəndaşlarımız öz hüquqlarından yararlanaraq, Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq üçün imzatoplamada iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Tsovinar Vardanyan Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu təşəbbüsə kəskin reaksiyasını şərh edərkən deyib.
“Gözləntiləri düzgün qurmaq lazımdır, hər hansı ifrata varmağın mənası yoxdur, bu, vətəndaşlarımızın başlatdığı normal prosedurdur”, - siyasətçi bildirib.
Overçukun bu təşəbbüsün Ermənistanın ixracının 70-80 faiz azalmasına gətirib çıxaracağı, ölkədə inflyasiya və sair nəticələrə səbəb olacağı xəbərdarlığına gəlincə, Vardanyan müvafiq suala belə cavab verib:
“Düşünürəm ki, Overçukun gördüyü məlumatlardan çıxardığı ehtimalları şərh etməməliyəm. Məncə, Overçuk vəziyyəti düzgün qiymətləndirməlidir, onun peşəkar təcrübəsi və siyasi yolu vəziyyəti düzgün qiymətləndirməyə imkan verməlidir”.
Xatırladaq ki, hökumət ötən həftə “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.