Azərbaycan daim əsassız hücumlar obyektinə çevrilir.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Azerbaydjan” üçün müsahibəsində deyib.
Dövlətimizin başçısı Qərbdə mövcud olan ikili standartlara toxunub: “Bilirsiniz, bizim cəmiyyətimiz bunu ədalətsizliyin, qeyri-obyektivliyin və qərəzliliyin ifrat forması kimi qəbul edir. Amma əgər məsələnin mahiyyətinə baxsaq, Azərbaycanda bütün demokratik normalar istisnasız təmin olunur. Sərbəst toplaşma azadlığı - referendum ərəfəsində müxalifət şəhərin mərkəzində mitinqlər keçirirdi. O başqa məsələdir ki, oraya maksimum 800 adam gəlmişdi, onlar da özlərinin yaxın dostları və qohumları idi. Lakin heç bir məhdudiyyət yox idi. Bizdə mətbuat azadlığı var: yüzlərlə qəzet, jurnal, televiziya, çoxlu kanallar, senzurasız internet, azad internet. Artıq əhalimizin 75 faizdən çoxu internet istifadəçiləridir. Yəni, belə şəraitdə mətbuata təzyiqdən necə söhbət gedə bilər? Bu, mümkün deyil. Bizim belə bir məqsədimiz də yoxdur. Bizdə bütün azadlıqlar təmin olunur. Lakin buna baxmayaraq, Azərbaycan daim əsassız hücumlar obyektinə çevrilir. Guya bizdə demokratiya yoxdur, azadlıqlar sıxışdırılır, insan hüquqları pozulur... Bütün bunlar real faktlara əsaslanmayan, siyasi baxımdan məqsədyönlü hərəkətlərdir, Azərbaycana qarayaxma, təzyiq və şantaj xarakteri daşıyır. Bunun bir neçə səbəbi var. Bunlardan ən başlıcası odur ki, Azərbaycan öz yolu ilə gedir”.
İlham Əliyev əlavə edib: “Biz müstəqil siyasət yürüdürük və bu siyasət heç kəsə, o cümlədən bizə bu çirkin hücumları edənlərə qarşı yönəlməyib. Bizim Avropa İttifaqına üzv ölkələrlə, ABŞ-la olduqca geniş siyasi, iqtisadi, enerji əlaqələrimiz var. Siyasi əlaqələr səviyyəsində bizim tərəfdaşlıq münasibətlərimiz mövcuddur. Lakin, görünür, həmin ölkələrin müəyyən dairələrinə bu, azlıq edir, onlar daha çox istəyirlər. Bəlkə bizim etibarlı olmağımıza əmin deyirlər. Hər yerdə nə istəyirlərsə, burada da onu. Yəqin, təlimatların yerinə yetirilməsini. Biz isə bu rola yaramırıq. Biz bu rolu özümüz üçün heç təsəvvür də edə bilmirik. Biz ləyaqətli, özünü təmin edən dövlətik. Heç kəsdən heç nə istəmirik. Bizim xarici borcumuz çox azdır, heç bir ölkə qarşısında heç bir öhdəliyimiz yoxdur. Biz əməkdaşlıq etmək istəyirik, amma işlərimizə müdaxilə olunmasını, qeyri-hökumət təşkilatları adı altında siyasi partiyaların gizli maliyyələşdirilməsini, sabitliyin pozulması, daxili işlərimizə açıq müdaxilə olunması cəhdlərini qətiyyən istəmirik. Təbii ki, biz bu cür fəaliyyətin qarşısını almaq üçün tədbirlər görürük”.
Prezident qeyd edib ki, Azərbaycan müstəqil suveren dövlətdir və hamıdan buna hörmətlə yanaşmağı xahiş edirik: “Amma görünür, onlar daha artığını istəyirlər. Səbəblərdən biri də Qərbdə, həm də təkcə Qərbdə yox, əksər ölkələrdə mövcud olan erməni lobbi qurumları ilə əlaqədar təşkilatların daimi antiazərbaycan fəaliyyətidir. Mən istisna etmirəm ki, səbəblərdən biri bəlkə də odur ki, Azərbaycan bizi vaxtaşırı olaraq cəlb etmək istədikləri heç bir kampaniyaya qoşulmur. Mən hətta deyərdim ki, bunlar kampaniya yox, avantüradır. Biz özümüzə sərfəli olmayan yerə getmirik. Bir də yəqin səbəblərdən biri budur ki, bir sıra hallarda digər ölkələrə təlimatlar vermək, onları idarə etmək, istiqamətləndirmək alındığı halda, bizdə bu, alınmır. Mən həmişə demişəm ki, qulaq asın, biz rəqib deyilik və yenə də əksinə, biz yalnız əməkdaşlığa can atırıq. Bizim heç bir ölkəyə qarşı mənfi niyyətimiz yoxdur. Niyə də olmalıdır? Bizim enerji sektorunda dünyanın hər yerindən - Amerikadan, İngiltərədən, Fransadan, İtaliyadan, Yaponiyadan şirkətlər işləyirlər. Onlar bizim tərəfdaşlarımızdır, yaxşı işgüzar münasibətlərimiz var. Biz deyirik, xahiş edirik: bizim işlərimizə qarışmayın, lazım deyil, xeyiri olmayacaq. Budur, 800 nəfərlik mitinq, bizim bütün müxalifətimiz budur. Həm də onlar bütün ölkədən toplamışdılar, bir neçə gün zəngləşmişdilər, maliyyələşdirmişdilər. Daha nə istəyirlər? Bəli, bizim ölkəmizdə hökumətə əleyhinə əhval-ruhiyyə yoxdur”.