Respublika Baytarlıq Laboratoriyası (RBL) ölkədə xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi təhlükəsi ilə bağlı müayinələr aparıb.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müayinə edilən nümunələrin heç birində taun xəstəliyinin törədicisi aşkar edilməyib.
Müayinələr Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihəsi çərçivəsində yaradılmış serumbankdakı nümunələr əsasında həyata keçirilib.
Serumbank respublika üzrə 53 rayonun 265 kəndindən və 193 qışlağından müasir epidemiologiyanın tələblərinə uğun olaraq “EPİİNFO-7” proqramına əsasən təsadüfi seçim üsulu ilə iri və xırdabuynuzlu heyvanlardan toplanmış 92 min 300 ədəd qan nümunələrindən ayrılmış serumlardan ibarət olub. Nümunələr mənfi 20 dərəcə temperaturda 5 il müddətində saxlanıla bilər.
Qonşu ölkələrdə xırdabuynuzlu heyvanlar arasında taun (PPR) xəstəliyinin qeydə alınması ilə əlaqədar, əsasən sərhəd rayonlarını əhatə edən 27 rayonun kənd və qışlaqlarına aid 5520 ədəd nümunələr götürülərək “ELİSA” testi ilə müayinə edilməsi üçün Respublika Baytarlıq Laboratoriyasına gətirilib. Layihə tərəfindən müayinələrin aparılması üçün laboratoriyalar tələb olunan bütün ləvazimat və reagentlərlə təmin edilib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda taun xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Bu sabitliyi qoruyub saxlamaq üçün lazımi tədbirlər davam etdirilir.
İlhamə ƏBÜLFƏT