17 Yanvar 2017 17:17
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Maraqlıdır ki, universitetin mətbuat xidmətindən Teleqraf.com-a, eləcə də digər media qurumlarına verilən açıqlamada xəbərin təkzib edilməsi məsələ ətrafında əlavə suallar yaratdı. Çaşqınlığa və qeyri-müəyyənliyə aydınlıq gətirmək üçün sözügedən ali məktəbə yollandıq.

ÖNCƏ KİÇİK BİR ARAYIŞ

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti ali təhsil müəssisəsi kimi 1992-ci ildən fəaliyyətə başlayıb. Azərbaycan Kommersiya İnstitutunun hüquqi varisidir.

Dövlət Ali Ekspert Komissiyasının rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə “Təfəkkür” Universiteti qeyri-dövlət ali təhsil müəssisəsi kimi qeydə alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təfəkkür” Universitetinin qeydiyyata alınması haqqında” 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında 29 may 1996-cı il tarixli 67 saylı qərarına əsasən “Təfəkkür” Universiteti Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti adlandırılıb.

Təhsil nazirinin “Magistraturanın yaradılması barədə” 30 aprel 1999-cu il tarixli 295 saylı əmri ilə universitetdə magistr hazırlığına icazə verilib.

Universitetdə Biologiya müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, Xarici dil müəllimliyi, Jurnalistika, Maliyyə, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Nəqliyyat tikintisi mühəndisliyi, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasları tədris olunur.

Təhsil müddəti əyani şöbədə 4 il, qiyabi şöbədə isə 5 ildir.

NƏZAKƏTLİ MÜHAFİZƏÇİ, SEVİNƏN TƏLƏBƏLƏR

Adətən, belə vəziyyətlərdə universitet olsun, başqa müəssisə olsun, mühafizəçilərə tapşırıq verilir ki, jurnalist gələrsə, rəhbərlikdən kimsə yoxdur, deyib yola salın. Bu dəfə elə olmadı. Mühafizəçi bizi mehribanlıqla qarşıladı və bildirdi ki, keçin içəri, prorektor bütün suallarınıza cavab verəcək.


Qış imtahan sessiyası dövrü olduğu üçün universitetin dəhlizində az sayda tələbə gözə dəyirdi. Əksəriyyəti də sonuncu kurs tələbələriydi. Onlar da universitet bağlanmamış təhsili bitirdiklərinə sevinirdilər. Onlar tələbəlik illərini geridə qoyacaqlar. Elə “Təfəkkür” Universiteti də son məzunlarını yola salacaq...

Bizi prorektor İlham Musayev qarşıladı. Bildirdi ki, rektor Rahim Hüseynovun ailəsində hüzr olduğu üçün bu gün universitetdə deyil.

"GÖZLƏMİRDİK..."

İlham müəllim universitet fəaliyyətə başlayandan burada çalışır. Nə qədər məyus olduğunu gizlətməyə çalışsa da, bunu sezməmək mümkün deyildi.

Prorektor deyir ki, bu qərarı gözləmirlərmiş: “Ötən ilin oktyabr ayında Müşfiq Atakişiyev səhhətindəki problemlərə görə rektorluqdan imtina etdi. Həmin vaxt rektor Təhsil Nazirliyinə maddi sıxıntılar barədə məlumat verib.

Müşfiq Atakişiyevdən sonra rektor Rahim Hüseynov oldu. Biz işin sonrakı gedişatından xəbərsiz qaldıq. Doğrusu, düşündük ki, keçmiş problemlər arxada qaldı. Yalnız dünən qərar çıxanda universitetin bağlandığını öyrəndik. Rektorun ailəsində hüzr var deyə bu gün universitetdə deyil”.

İlham Musayev deyir ki, 2016-2017-ci tədris ilində “Təfəkkür” Universitetində plan yerlərinin 50 faizi boş qalıb: “Bu tədris ilində 50 faiz tələbə qəbulu apara bildik. Universitetə daxil olub, amma ödəniş məsələsində problemlər yarandığı üçün qeydiyyata düşməyən tələbələr də vardı.

Maddi sıxıntılar tək “Təfəkkür” Universitetində deyil. Amma biz əməkdaşlarımızın maaşlarını vaxtı-vaxtında ödəyirdik. Ötən ildən noyabrın maaşlarını əməkdaşlar alıb. Dekabr isə hesablanıb, planlaşdırırdıq ki, maaşları yaxın vaxtda ödəyək. İşçilərimiz hansı müddətə kimi işləsə, həmin günədək maaşlar ödəniləcək. İnsan işləyirsə, maaşını da almalıdır”.

Prorektor deyir ki, təhsil müəssisəsi əhalinin maddi vəziyyətini nəzərə alaraq, təhsil haqları azaldılıb: “2016-2017-ci tədris ilində 1-ci kursda təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq 1800-1900 manat təhsil haqqı müəyyən edilib. Qərar verdik ki, təhsil haqqı 2000 manatı keçməsin. Şəhid, məcburi köçkün və imkansız ailələrdən olan tələbələrə təhsil xərcinin ödənilməsində güzəştlər edilirdi”.

Əvvəllərsə bu rəqəmlər daha yüksək olub. Məsələn, 2-ci kurs tələbələri 2000-2200, xarici dillər üzrə təhsil alan 3-cü kurs tələbələri isə 2400 manat ödəyir.

Hazırda "Təfəkkür" Universitetində 750 tələbə təhsil alır. Onlardan 124 nəfər IV kursda oxuyur və bu ilin məzunlarıdır.

İlham Musayevin sözlərinə görə, universitetdən xaric olunan tələbələr də var: “Təhsil haqqı ödəməyən, dərsə gəlməyən və digər səbəblərə görə universitetdən xaric olunan tələbələr var. 124 nəfər IV kursda təhsil alır. İmtahanlardan sonra neçə nəfərin diplom alacağı dəqiq bilinəcək”.


Prorektor ki, “Təfəkkür” Universitetini normal təhsil verən ali məktəblər sırasında olduğunu deyır: “Bu yaxınlarda Dövlət İmtahan Mərkəzinə sorğu göndərdik. Məlum oldu ki, Dövlət Qulluğunu imtahanında iştirak edən məzunlarımız yaxşı nəticə göstərib. Biz deyə bilmərik ki, tələbələrin hamısı yaxşı oxuyur. Amma, ümumi nəticələrimiz yaxşıdır”.

BƏS MÜƏLLİMLƏR?..

“Təfəkkür” Universitetinin 180-ə yaxın əməkdaşı var. Onların taleyinin necə olacağı isə məlum deyil... İlham Musayev deyir ki, universitet özəl ali məktəb olduğu üçün işçilərini işlə təmin etməsi mümkünsüzdür: “Bizim universiteti dövlət hesabına maliyyələşmir ki, müəllimləri hansısa universitetə yerləşdirək. Universitet açılandan burada işləyirəm. Mənimçün də buradan ayrılmaq çətindir”.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupu yaradılıb.

“Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017/2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun formalaşdırılması üçün 2 ay vaxt verilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər