Bu gün Azərbaycan Cümhuriyyətinin qurucularından Məhəmmədəmin Rəsulzadənin doğumunun 133-cü ili tamam olur.
Rəsulzadə 1884-cü ildə Novxanı kəndində, axund Hacı Molla Ələkbərin ailəsində dünyaya gəlib. İlk təhsilini bu kəndin axundu olan atasından alıb. Sonradan Bakı şəhərində Sultan Məcid Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci “Müsəlman və Rusi” məktəbində, eləcə də Bakı Texniki məktəbində rus dilində alıb.
Gənc Məhəmmədəmin 1903-cü ildə “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”ni yaradır, dərnəyin “Hümmət” adlı qəzeti nəşr olunur.
Bu dövrdə Rəsulzadə dönəmin tanınan qəzetləri ilə əməkdaşlığa başlayır. 1903-cü il 2 mayında Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin 14-cü sayında ilk yazısı çap edilir.
1904-cü ildə Rəsulzadə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsi ilə əlaqədə olur, sonralar həyatına bir neçə dəfə daxil olacaq Stalinlə tanış olur. Onunla görüşü Bakı Petrol Sənayesi İşçiləri Sindikatında katib vəzifəsində çalışan əmisi oğlu Məhəmmədəli təşkil edir.
1906-cı ildə Rəsulzadə “İrşad”, “Təkamül”, “Dəvət-qoç” qəzetləri ilə əməkdaşlığa başlayır, həmin il Bakıda qurulan “Nicat” mədəni-maarif cəmiyyətinin əsas simalarından biri olur.
1907-ci il onun görüşlərində əsaslı dəyişiklik ili olur. Belə ki, o, bolşeviklərin əsas məqsədini başa düşür, RSDFP sıralarından uzaqlaşır, milli istiqlal məsələsi gündəmə gətirməyə başlayır.
Bu dövrdə Rəsulzadə ədəbi fəaliyyətlə də məşğul olur, 1908-ci ildə “Qaranlıqda işıqlar” adlı ilk pyesi tamaşaya qoyulur, “Nicat” Mədəni-Maarif Cəmiyyətinin sədri olur.
Lakin tezliklə onun fəaliyyəti çar hökumətinin diqqətini çəkir və o, təqiblərdən yaxa qurtarmaq üçün 1909-cu İrana gedir, Təbrizdə, Ərdəbildə, Mərənddə, Tehranda olur. Həmin ilin 28 mayında Güney Azərbaycanda milli hərəkata rəhbərlik edən Səttarxanla görüşür, bu barədə “Təbriz. Səttarxanla mülaqat” məqaləsini “Tərəqqi” qəzetində yayımlayır. İranda yaşadığı müddətdə Rəsulzadə “İrani-Nov” (“Yeni İran”) qəzetini nəşr edir, oradakı əqidədaşları ilə birlikdə “İran Demokrat Partiyası”nı yaradır.
Lakin tezliklə orada da təqib edilir və Bakıya qayıdır, az sonra isə İstanbula yola düşür. İstanbulda o, “Türk Yurdu” dərgisi, “Türk Ocaqları” təşkilatı ilə əməkdaşlıq edir, eyni zamanda Çar Rusiyasında, xüsusən də, Qafqazda baş verən prosesləri yaxından izləyir, dostlarına yeni partiyanın qurulması ilə bağlı təlimatlar verir.
1911-ci ilin oktyabrında isə Bakıda onun göstərişi ilə Bakıda Məhəmmədəli Rəsulzadə, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə tərəfindən Müsəlman Demokratik Partiyası – Müsavat yaradılır.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı ümumi əfv fərmanı verilir və Rəsulzadə Bakıya dönərək aktiv fəaliyyətə başlayır. Eyni zamanda 1913-1917-ci illərdə mətbuatdakı fəaliyyətlərini davam etdirir, “Açıq söz” qəzetini nəşr edir.
1917-ci ilin 17 iyunu Azərbaycan tarixi üçün xüsusi önəm daşıyır. Belə ki, Rəsulzadənin rəhbəri olduğu Müsavat Partiyası ilə Nəsib bəy Yusifbəylinin sədri olduğu Türk-Ədəmi Mərkəziyyət Partiyası birləşir, yeni təşkilat Türk-Ədəmi Mərkəziyyət Müsavat Partiyası adlanır, Rəsulzadə sədr seçilir.
Bu o dönəm idi ki artıq Çar Rusiyası dağılmaq üzrə idi, Qafqaz xalqları əvvəlcə Seym yaradır, daha sonra isə hər üç ölkə öz müstəqilliklərini elan edir. 1918-ci ilin 28 mayında M.Ə.Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası Azərbaycan İstiqlalını elan edir və altı maddədən ibarət olan Azərbaycan İstiqlal bəyannaməsi qəbul edilir.
1918-ci ilin 4 iyununda Batumda Osmanlı ilə Azərbaycan Cümhuriyyəti arasında ilk Dostluq Müqaviləsi imzalanır. Müqavilənin IV maddəsində Osmanlı hökumətinin Azərbaycana silahlı yardım göstərmək haqqının olduğu qeyd edilir. Müqaviləni Azərbaycan hökuməti adından M.Ə.Rəsulzadə və M.Hacınski imzalayır. Necə ki, bu müqaviləni rəhbər tutaraq Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusu Bakını bolşevik və daşnaklardan azad edir.
1918-ci il 19 noyabrında Rəsulzadənin rəhbərliyi ilə Milli Şura Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul edir. Dekabrın 7-də isə ilk Azərbaycan Parlamenti açılır və Rəsulzadə məşhur “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarını burada səsləndirir.
Təəssüf ki, Cümhuriyyətin ömrü cəmi 23 ay çəkir. Rus qoşunlarının Azərbaycana yürüşü əsnasında parlamentin keçirilən son iclasında Rəsulzadə bolşeviklərin təslimçilik xarakteri daşıyan ultimatumunu rədd edir. Cümhuriyyətin işğalından sonra isə o, Müsavatın Gizli Mərkəzini yaradır.
Növbəti təqiblərdən yaxa qurtarmaq üçün bu dəfə o, Ramanada, ardınca Lahıcda gizlənir. Lahıcda ikən “Əsrimizin Səyavuşu” əsərini yazır. Lakin 1920-ci ilin 17 avqustunda o, Göyçay qəzasının Qaraməryəm kəndində bolşeviklər tərəfindən həbs olunaraq Bakıya gətirilir. Stalinlə olan köhnə münasibətlər səbəbindən Stalin onu özü ilə birgə Moskvaya aparır.
Rəsulzadə burada ona yaradılan imkanların qısa xarakterli olduğunu başa düşdüyü, elmlə məşğul olmasına icazənin sadəcə müəyyən qədər vaxt udulması üçün nəzərdə tutulduğunu bildiyi, nəhayətdə qətlə yetiriləcəyini hesaba aldığı üçün ezamiyyət adı ilə Sankt-Peterburqa gedir, oradan isə Finlandiyaya keçir.
Bir müddət Helsinkidə yaşadıqdan sonra Fransaya, oradan Berlinə, daha sonra isə Türkiyəyə gedir.
1923-cü ildə İstanbulda Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” kitabını, həmçinin Azərbaycan mühacirət mətbuatının ilk orqanı olan “Yeni Qafqasiya” jurnalını nəşr edir.
Artıq bu dövrdə Rəsulzadə bolşeviklərlə mübarizəsini mətbuat üzərindən aparır və burada çap olunan bülletenlər, qəzetlər, jurnallar gizli yollarla Azərbaycana göndərilir.
1924-cü ildə Rəsulzadə Müsavatın Xarici Əlaqələr Bürosunu və Azərbaycan Milli Mərkəzini yaradır. Lahıcda yazdığı “Əsrimizin Səyavuşu” əsərini və eyni zamanda “İstiqlal məfkurəsi və gənclik”, “Rusiyada siyasi vəziyyət” kitablarını çap etdirir.
1928-ci ildə Rəsulzadənin “Azəri-Türk” jurnalını nəşr edir, “İxtilalçı sosializmin iflası və demokratiyanın gələcəyi” kitabını yayımlayır. 1929-cu ildə isə “Odlu Yurd” jurnalını təsis edir.
Lakin Rəsulzadənin və digər mühacirlərin bu fəaliyyəti bolşevikləri narahat etdiyi üçün Türkiyə hökuməti ilə əlaqəyə girirlər və hər iki dövlət arasında olan münasibətlərə görə Rəsulzadənin və digər mühacirlərin çap etdikləri qəzet və jurnallara qadağa qoyulur. Rəsulzadə məcbur qalaraq Polşaya gedir.
1939-cu ildə Polşa uğrunda mubarizə gedən vaxt Rəsulzadə Buxarestə gəlir. 1940-1943-cu illərdə Rəsulzadə Almaniyada müxtəlif vaxtlarda olur, əsir duşən azərbaycanlıların xilasına çalışır, Azərbaycan Milli Komitəsini yaradır, Almaniyanın hakimiyyət nümayəndələri ilə danışıqlar aparır. Həmçinin almanların əsirlərlə bağlı yaratdığı Azərbaycan Milli Komissiyasına başçılıq edir. Eyni zamanda SSRİ-yə qarşı vuruşan legionerlərlə əlaqə qurur, 1943-cu ildə isə legionerlər qarşısında çıxış edərək alman hökumətinin siyasətini bəyənmədiyini bildirir və Almaniyanı tərk edir. Çunki o, alman faşizminin SSRİ-nin tərkibində olan xalqlara azadlıq verməyəcəyini başa düşür. 1945-ci ildə yenidən Almaniyaya gəlir, Mittenvald bölgəsində qaçqın düşərgəsində olur, azərbaycanlı əsirlərin SSRİ-yə verilməməsinə çalışır, Azərbaycan Demokrat Birliyini yaradır. Müharibədən sonra – 1947-ci ildə isə Türkiyəyə dönməklə bağlı xahiş edir, dostlarının və İsmət İnönunun sayəsində Türkiyəyə qayıdır və 1955-ci ildə orada vəfat edir.
Dilqəm ƏHMƏD