"Azərbaycanda miqrasiya sahəsində dövlət siyasəti yerli əmək ehtiyatlarından səmərəli istifadə olunması və rəqabətədavamlı iqtisadiyyatın tələblərinə uyğun olaraq daxili əmək bazarına ixtisassız əcnəbi işçi qüvvəsinin deyil, yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi, əməkçi miqrantların insan hüquqlarına hörmətlə yanaşılması prinsiplərinə əsaslanır".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak ilə keçirilən görüşdə bildirib.
Səlim Müslümov bildirib ki, ölkənin inkişaf prosesləri müsbət demoqrafik meyllərin davam etdiyi şəraitdə miqrasiya göstəriciləri də ildən-ilə yaxşılaşıb: "Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən gedənlərin sayını 2015-ci ildə 68,7 faiz üstələməklə miqrasiya saldosu müsbət 1,1 min nəfər, 2016-cı ildə isə 88,2 faiz üstələməklə miqrasiya saldosu müsbət 1,5 min nəfər təşkil edib.
Hətta dünya iqtisadiyyatında çətinliklərin yaşandığı bir dövrdə belə inkişafını davam etdirən, davamlı ictimai-siyasi sabitliyin, tolerantlıq mühitinin mövcud olduğu Azərbaycan əcnəbi işçi qüvvəsi üçün cəlbedici ölkədir”.