“Gecə saatlarında qəzalara və piyada vurulmasına şəraiti bir çox hallarda vətəndaşlar özləri yaradırlar”.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Teleqraf.com-a açıqlamasında belə deyib.
Kamran Əliyevin sözlərinə görə, vətədaşlar piyadaların keçməsi üçün nəzərdə tutulan piyada zolaqlarından istifadə etmirlər: "Nəticədə qəza şəraiti yaranır, qəzalar törədilir. Bəzən piyadalarımız yollarda zolaqların olduğunu yəqin edir, ancaq işıqfora diqqət yetirmirlər. Nəqliyyat vasitələri üçün yaşıl işıq yananda belə fikirləşirlər ki, piyada zolağı varsa, keçə bilərəm. Bu hal isə bəzən qəzalara səbəb olur”.
“Digesta” hüquq mərkəzinin direktoru Ərşad Hüseynov isə deyir ki, bir çox sürücülər yol hərəkət qaydalarını yaxşı bilmir: “Əgər sürücü özündən qabaqda olan nəqliyyat vasitəsinin qarşı hissəsini tamamilə görmürsə, həmin nəqliyyat vasitəsini keçməməlidir, çünki həmin nəqliyyat vasitəsinin qarşısında piyada ola və o, gözlənilmədən arxada gələn maşının yoluna çıxa bilər. Bu və ya digər təhlükəsizlik qaydalarına əməl etmək lazımdır.
Ümumiyyətlə, gecə vaxtı görmə çətinləşdiyi üçün qəzalara yolların işıqlandırılmamsı da səbəbi ola bilir. Bəzən intensiv hərəkət zamanı sürücülər avtomobillərinin işıqlarından da düzgün istifadə etmir.
Gecə vaxtı sürücü sürət həddinə də fikir verməlidir. Onlar bilməlidirlər ki, gecə vaxtı təhlükəli yol şəraiti sayılır. Gündüz vaxti 100 km\saat sürətlə hərəkət edirsə, gecə vaxtı həmin sürətlə keçməməlidir".
Ekspert qeyd edib ki, yaşayış ərazilərinin yanından keçən, prospekt və yollar işiqlandırılmalıdır ki, sürücülər yolu aydın görə bilsin.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli piyada zolaqlarının vəziyyəti ilə bağlı bildirib ki, zolaqlar yarasız hala düşərsə, rənglənmə və bərpa işləri aparılır: “Bərpa işlərindən əlavə yeni yerüstü piyada keçidləri də salınır. Yaxın aylarda onları istifadəyə verməyi düşünürük”.
ŞƏFİQƏ