11:59
"Biz bu diqqət və qayğını daim hiss edirik. O qədər olur, oyundan qayıdanda aramızda söhbət edirik ki, görəsən bu qələbədən sonra cənab Prezidentin diqqətini cəlb edə bildikmi? Sizinlə görüşmək bizim üçün bir stimuldur. Çox sağ olun ki, bizi qəbul etdiniz".
Teleqraf.com xəbər verir ki, bu sözləri prezident İlham Əliyevlə görüşdə “Qarabağ” komandasının kapitanı Rəşad Sadıqov deyib.
O, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib:
““İnter”ə məğlub olandan sonra sizin bizi qəbul etməyiniz həqiqətən də bizim üçün bir stimul idi. Biz o təcrübə ilə, belə məğlubiyyətlə ilk dəfə idi qarşılaşırdıq, bir növ sınmışdıq. Amma Sizinlə görüş bizim üçün böyük ruh yüksəkliyi oldu və qayıtdıq, üç gün sonra çempionatda vacib oyunda qələbə qazandıq, həmin il yenə çempion olduq, Avroliqa qrupuna düşdük. Həmin qələbə bu yolda irəli atılan addımlardan biri oldu.
Biz Sizə dərin minnətdarlığımızı bildiririk. Fikrimi sözlərlə tam çatdıra bilmirəm. Təşəkkür edirəm".
Prezident isə Rəşad Sadıqova maraqlı cavab verib:
"Mən də görürdüm ki, siz doğrudan da bu işə çox ürəklə yanaşırsınız. Biri var hansısa işə formal yanaşasan, biri də var ürəklə. Siz indi nəinki qələbə qazanmaq istəyirsiniz, - hər bir insan, hər bir oyunçu, idmançı qələbə qazanmaq istəyir, - siz xalqı sevindirmək istəyirsiniz. Bax, mən sizdə bunu görürəm. Siz qələbəyə sevinəndə elə bil ki, xalqımızı sevindirmək üçün sevinirsiniz. Ona görə, mən bunu çox yüksək qiymətləndirirəm, səni də oyunçu kimi çox qiymətləndirirəm. Sən hələ çox oynamalısan. Mən bilirəm ki, sən veteransan, amma sən bütün “Qarabağ”a da, milli komandaya da güc verirsən, onu bil. Sən çox gözəl oyunçusan. Sən demək olar ki, səhv buraxmırsan. Sağ ol Rəşad, çox sağ ol". (Qafqazinfo)