ATƏT Minsk Qrupu vasitəçilərinin son bəyanatı üç cəhətlə diqqəti çəkir.
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, birincisi, bəyanatda son 4-5 ildəki şablon ifadələrdən istifadə olunur:
"İndi vəziyyət 4-5 il bundan qabaqkı deyil. Hətta 4-5 ay bundan qabaqkı vəziyyətə nisbətən xeyli dəyişib. Müharibənin olmaması çağırışlarının əsas səbəbi vasitəçilərin tənzimləmə ilə məşğul olmamasıdır. İkincisi, Ermənistanın rəsmiləri ATƏT MQ sənədlərinin mahiyyətini başa düşmədikləri ilə bağlı aşkar bəyanatlar verirlər, sənədlərin mahiyyətini saxtalaşdırırlar. İzah vermək nə qədər sadə olsa da, vasitəçilər öz hazırladıqları sənəd barədə rəsmi izah vermək istəmirlər".
M.Əhmədoğlunun sözlərinə görə, üçüncüsü, Ermənistanda sərhədyanı ərazidə yaşayan əhali içərisində kimin müqaviləçi-hərbçi və ya mülki şəxs olduğunu ayırd etmək çox çətindir.
Politoloq bildirib ki, iki kəlbəcərlinin Kəlbəcərə getməsi ilə əlaqədar yayılan məlumatlar bu faktı bir daha təsdiq etdi:
"Ermənistan müdafiə naziri Seyran Ohanyan rəsmi şəkildə bildirdi ki, Kəlbəcərdə yaşayan ermənilərin hamısı müqaviləçi-hərbçilərdir və onlara silah paylanacaq. Eynilə bu prizmadan Ermənistanın Tavuş rayonun əhalisinə də yanaşmaq lazımdır. Tavuşdan Azərbaycan tərəfə güllə atan və ya provokasiya xarakterli hərəkət edən şəxsin hərbçi-müqaviləçi və ya mülki şəxs olduğunu söyləmək qeyri-mümkündür. Ona görə ATƏT MQ vasitəçiləri "mülki əhali" anlayışını müəyyənləşdirmədən bunu tələb kimi ortalığa qoymaqla əslində tənzimləmənin mahiyyətini saxtalaşdırmış olur. Bütün bunlar vasitəçilərin öz işinin öhdəsindən gəlməməsinin, vəzifə səhlənkarlığının aydın əlamətləridir".
Ermənistan-Azərbaycan sərhədində baş verənləri başa düşmək üçün ötən illərdə baş vermiş haylü-küylü hadisəni yada salan M.Əhmədoğlu qeyd edib ki, 2012-ci il mayın 5-də Ermənistanda parlament seçkiləri keçirilməli idi:
"Təxminən aprelin 25-də Tavuş rayonunda hərbi insidentlərin sayı gözlənilmədən artdı. Ermənistan mətbuatı bunu Azərbaycanla əlaqələndirdi. Amma az keçmiş məsələnin mahiyyəti bəlli oldu: həmin kənddə dislokasiya olunmuş erməni hərbçiləri Gürcüstandan havayı ərzaq məhsulları alırlarmış. Gürcüstanın alverçiləri erməni hərbiçilərinə satdığı məhsulun pulunu ala bilmədikləri üçün öz himayədarlarına müraciət etmişdilər.
Beləliklə,pulunu tələb edən gürcülərlə erməni hərbçiləri arasında atışma baş vermişdi".
Politoloqun sözlərinə görə, Tavuşdakı hərbi insidentlərin sayının çoxluğunun digər səbəbi də bu vasitə ilə hərbçilərin öz tələblərini Ermənistan hakimiyyətinə təqdim etməsidir.
M.Əhmədoğlu hesab edir ki, seçki dövrü olduğu üçün o zaman hərbi insidentlərin sayının artmasında siyasətin də rolu var idi:
"Bu sadaladıqlarımız məsələlər barəsində indi Ermənistanda hamı məlumatlıdır. Amma nədənsə vasitəçilər bu faktları diqqətdən kənarda saxlayır. Həmsədrlərin diqqət yetirmədiyi faktlar lap yaxında da baş verdi. İki kəlbəcərlini diversant kimi təqdim etməklə Ermənistan rəhbərliyi Dağlıq Qarabağda hərbçilər arasında baş verən pozğunluqları gizlətmək istəyir. Amma vasitəçilər diqqətli olsalar çox şeydən xəbərləri olar. Yerevan şəhər sakini olan mayoru və onun yanında olan Yerevanın yaxınlığındakı kənd sakini digər mayorun arvadını "Azərbaycan diversantlarının" necə öldürdüyünün təfərrüatı açıqlanmır. "Azərbaycanlı təxribatçıları" həmin qadını əvvəlcə döyüb, sonra güllə ilə vurublar və ya tərsinə?! Erməni qadının əri olan mayor bu vaxt nə ilə məşğul olub?! Planşetlərin və mobil telefonların bəziləri daşıyıcısının hərəkət marşurutu və ya dayanması barədə məlumatları maraqlı tərəfə ötürə bilir. Bəlkə həmin qadında və onun əri olan mayorda da belə planşet və ya mobil telefon olub. 8-9 saatlıq yolda 32-37 yaşlı qadın və kişi özlərini necə aparıblar, eləcə də həmin qadının əri, erməni ordusunun hərbçisi buna necə reaksiya verməsi bəlli deyil".
Politoloq qeyd edib ki, hər halda erməni mayorunun maşınında və maşınının ətrafında baş verənlər çoxlu sayda suallar yaradır:
"Amma erməni tərəfi və onun dalınca vasitəcilər araşdırma aparmadan Azərbaycanı ittiham edir. Hər halda vasitəçilər Azərbaycan DİN-in və Respublika prokurorluğunun Kəlbəcər rayonu üzrə təhqiqatçılarını bu prosesin təhqiqatına qoşmaq təşəbbüsünü irəli sürə bilərdilər".
M.Əhmədoğlu qeyd edib ki, vasitəçilərin diqqət vermək istəmədiyi məsələlərdən biri də ermənilərin yalançılığıdır. Bu Azərbaycan ilə əlaqəli məsələlərdə özünü daha qabarıq göstərir: "Əyani misal: Ermənistanın Armavir şəhərinin meri Kəlbəcərdə minaya düşdü. Təkcə bu hadisə barədə yayılan məlumatlar üç sual açıq saxlayıb. Mer Kəlbəcərə ova gəlibmi, yoxsa gəlməkdə məqsədi ov olmayıb. Erməni rəsmiləri Kəlbəcərdə ovun qadağan olduğunu bildirirlər. İkinci sual: Minanın partladığı maşın "Villis" yoxsa "Toyota Prado"dur ?! Üçüncü sual, maşının sürücüsü ölüb, yoxsa hadisə yerindən qaçıb".
Politoloqun sözlərinə görə, bütün bunlar sübut edir ki, vasitəçilər öz işlərinin öhdəsindən gələ bilmirlər:
"BMT və ATƏT-in rəhbər sənədləri tərəfindən üzərlərinə qoyulmuş funksiyaları yerinə yetirə bilmirlər. Ən kiçik halda bu səhlənkarlıqdır. Bundan daha böyük səhlənkarlıq bu baş verənlər barədə BMT və ATƏT-ə sənədlərin hazırlanıb göndərilməməsidir. Müvafiq strukturlarımız bunları və buna bənzər faktları rəsmiləşdirib BMT və ATƏT-ə təqdim etməlidir".
/trend/