18 Dekabr 12:25
2 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistana təhlükə Azərbaycan və Türkiyə yox, Rusiyadan gəlir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının katibi Arnold Bleyan deyib.

“Hələ 2016-cı ilin aprelində baş vermiş dörd günlük müharibədən (Azərbaycanın qələbəsindən - red.) sonra Ermənistandakı fanatik dairələr üçün Rusiyanı müdafiə etmək çətinləşdi. Amma nə qədər çətin olsa da, bir o qədər absurd bəhanələr taparaq, yenə də müdafiə elədilər. Artıq Rusiyanın müdafiəçiləri ümidsiz vəziyyətdədirlər, çünki düşünürlər ki, Rusiyanın yerini Qərb yox, Türkiyə tutur, bölgədə Qərbin təminatçısı Türkiyədir”, - siyasətçi bildirib.

Bleyan qeyd edib ki, o dönəmdə sabiq prezident Serj Sərkisyanın rəhbərlik etdiyi hakimiyyət Aprel döyüşləri ilə bağlı erməni xalqını aldadıb:

“2016-cı ilin dördgünlük müharibəsini “Ermənistanın qələbəsi” kimi formalaşdırılarkən, bizi aldatdılar, guya Azərbaycan Rusiyaya qaçaraq müharibəni dayandırmaq üçün yalvarmışdı, əslində bu, Ermənistanın geri çəkilməsi üçün bir müqəddimə və Qarabağla bağlı bir xəbərdarlıq idi”.

Erməni siyasətçi söyləyib ki, Sərkisyan rejiminin Aprel döyüşləri ilə bağlı iddiaları həqiqəti əks etdirmir. Əksinə, o dönəmdə Azərbaycan ordusu qarşısında ağır məğlubiyyətə uğrayan Ermənistanın özü prosesin dayandırılması üçün vasitəçi kimi Rusiyaya müraciət eləmişdi, Bleyanın təbirincə desək, yalvarmışdı.

Onun fikrincə, Rusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasını istəmir:

“Rusiyanın əsas problemi Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlıdır. Çünki bu, faktiki olaraq. Rusiyanı bu regiondan çıxaracaq, biz də dövlət olaraq qalmaq istəyiriksə, onlarla münasibətlərimizi tənzimləməliyik. Ermənistanın bu iki ölkə ilə idarəolunan münasibətləri olmadan necə yaşaya biləcəyinə dair strategiyası varmı?”.

Bleyan əlavə edib ki, Ermənistana təhlükə Türkiyə və Azərbaycan yox. Rusiyadan gəlir.

Xatırladaq ki, Aprel döyüşləri Azərbaycan ordusunun qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər