İranın Loristan əyalətinin Dorud şəhərində hökumət qüvvələri “Xamneyiyə ölüm” şüarları səsləndirən dinc etirazçılara atəş açıblar.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 3 aksiyaçı güllə yarası alaraq yerindəcə şəhid olub, 1-i ağır yaralanıb. Şəhid olan aksiyaçılardan ikisinin kimliyini müəyyənləşdirmək mümkün olub: Həmzə Ləşəni və Hüseyn Rəşno. Ölən və yaralanan digər iki etirazçının adları hələlik bəlli deyil. Sosial şəbəklərdə polisin və mülki geyimli təhlükəsizlik qüvvələrinin dinc aksiyaçılara qarşı atəş açması görüntülərini əks etdirən videolar yayılıb. Hazırda Dorud şəhərində vəziyyətin çox gərgin olduğu bildirilir.
Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə İranın 20-dən çox şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna etiraz olaraq kütləvi aksiyalar keçirilib, dini lider Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və ölkənin digər rəsmilərinə qarşı sərt şüarlar səsləndirilib. Xalq etirazları səngimir və getdikcə daha da kütləviləşir.