11:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov Azərbaycan xalqının güclü dəstəyi ilə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə dövlətimizin başçısını səmimi qəlbdən təbrik etdi və seçkiləri müşahidə etmək üçün dəvətə görə minnətdarlığını bildirdi. Təmsil etdiyi təşkilatın önəminə toxunan Rəşid Əlimov bildirdi ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin əhalisinin ümumi sayı 3 milyarddan çoxdur, ərazisi isə Avrasiya qitəsinin təxminən 3,2 hissəsini təşkil edir və təşkilatın dialoq üzrə tərəfdaş ölkə olan Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirilir. Qonaq onu da xüsusi qeyd etdi ki, təşkilatın tarixində ilk dəfə olaraq dialoq üzrə tərəfdaş ölkədə müşahidə missiyası fəaliyyət göstərir. Bunu Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında inkişaf edən xüsusi əməkdaşlığın bariz göstəricisi kimi dəyərləndirən Rəşid Əlimov bu əlaqələri alqışladıqlarını qeyd etdi. Rəhbərlik etdiyi müşahidə missiyasının tərkibinə təşkilatın bütün üzv dövlətlərinin nümayəndələrinin daxil olduğunu vurğulayan qonaq missiyanın bir həftə ərzində ölkəmizdə fəaliyyət göstərdiyini bildirdi. O, müşahidə missiyasının sərbəst şəkildə ölkəmizin müxtəlif regionlarında ümumi seçki məntəqələrinin təqribən 7 faizində müşahidələr apardıqlarını, seçki məntəqələrində işlərin yüksək səviyyədə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə təşkil edildiyinin şahidi olduqlarını dedi. Qonaq seçki məntəqələrində istənilən hər hansı bir sənədlə tanış olmaq imkanı əldə etdiklərini və seçki proseslərinin açıq və şəffaf şəkildə olduğunu müşahidə etdiklərini bildirdi. Seçki komissiyalarının üzvlərinin böyük peşəkarlıq nümayiş etdirdiyini vurğulayan Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov məntəqələrdə əhalinin bütün təbəqələrinə yüksək diqqət göstərildiyini dedi. O, digər seçki missiyaları nümayəndələrinin də hər hansı bir seçki məntəqəsində ciddi qanun pozuntusunun qeydə alınmadığını söylədiklərini də vurğuladı. Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov 400-ə yaxın məntəqədə müşahidə aparan missiya adından bildirdi ki, ölkəmizdə prezident seçkiləri tam açıq, demokratik, şəffaf şəkildə keçirilmişdir. Bir daha inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Rəşid Əlimov dedi: “Sizə və dost Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayırıq. Azərbaycan inkişaf edir, şəxsən Siz hər bir Azərbaycan vətəndaşının rifahı naminə qayğı göstərirsiniz. Seçicilərlə apardığımız söhbətlər bir daha göstərdi ki, insanlar gələcəyi Sizinlə görürlər”.
Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq həyata keçirdiyini məmnunluqla vurğuladı. Ölkəmizlə təşkilatın bütün üzv dövlətləri arasında konstruktiv, dostluq münasibətlərinin mövcud olduğunu və bu münasibətlərin tarixi keçmişə əsaslandığını, ümumi tarixə və maraqlara söykəndiyini dedi. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına beynəlxalq aləmdə çox mühüm rol oynayan bir təşkilat kimi baxdığını qeyd edən Prezident İlham Əliyev bu təşkilatın bütün dünyada sabitliyin bərqərar olması işinə fəal töhfə verdiyini vurğuladı. Dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının ilk dəfə olaraq Azərbaycanda həyata keçirməsinin önəmini qeyd etdi və bunu təşkilatın ölkəmizlə olan münasibətlərinin, eyni zamanda, əlaqələrimizin yaxşı perspektivlərinin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri gücləndirmək əzmində olduğunu və bu təşkilatın bir sıra layihələrində iştirak etməyə maraq göstərdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, bu qurumun üzv dövlətləri ilə uğurlu ikitərəfli münasibətlər ümumi əməkdaşlıq platformasının yaranması işinə xidmət edir və bu ölkələrlə əməkdaşlıq əlaqələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir.
Seçkilərin keçirilməsinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ölkəmizin bu seçkilərin maksimum dərəcədə şəffaf, demokratik və Azərbaycan xalqının iradəsinin tam ifadə olunması şəklində keçirilməsi üçün böyük hazırlıq işlərinin görüldüyünü dedi. Dövlətimizin başçısı seçki kampaniyasının azad, konstruktiv şəkildə keçirildiyini vurğulayaraq, bunu Azərbaycan cəmiyyətində hökm sürən siyasi mədəniyyətin təzahürü kimi dəyərləndirdi və qeyd etdi ki, bütün kampaniya dövründə namizədlər üçün ən əlverişli şərait yaradılmışdı. Prezident İlham Əliyev seçkilərin nəticələrinin Azərbaycan xalqının son illər ölkədə həyata keçirilən işlərə verdiyi qiymətin ifadəsi olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bütün bunlar Azərbaycanın müstəqil dövləti kimi gələcəkdə daha da möhkəmlənməsi və inkişaf etməsi işinə öz töhfəsini verir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avstraliya Parlamentinin nümayəndələr palatasının deputatı, Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Efstathios Georganasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avstraliya İttifaqı Parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycana səfərlərindən məmnunluqlarını ifadə edərək seçki məntəqələri bağlandıqdan dərhal sonra keçirdikləri brifinq zamanı bütün seçki prosesinin şəffaf şəkildə keçdiyini, seçki məntəqələrində seçici fəallığının və səsvermənin demokratik şəraitdə aparıldığının şahidi olduqlarını bildiriblər.
Dövlətimizin başçısı ölkəmizdə seçkilərin qanunvericiliyə uyğun, açıq və şəffaf şəkildə keçirilməsi, bununla da əhalinin iradəsini sərbəst ifadə etməsi üçün hər cür şərait yaradıldığını bildirib. Prezident İlham Əliyev seçicilərin səsvermədə çox fəal şəkildə iştirak etdiklərini məmnunluqla qeyd etdi, eyni zamanda, seçkilərin Azərbaycanın üzv olduğu Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə tam uyğun şəkildə keçirildiyini vurğulayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi, MDB-dən seçkilərdə müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sergey Lebedev seçkilərdə inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıraraq deyib: “Bu seçkilərin nəticələri Sizə Azərbaycan xalqının nə dərəcədə hörmət bəslədiyinin təzahürüdür. MDB İcraiyyə Komitəsinin sədri kimi əlavə etmək istərdim ki, Siz bütün Müstəqil Dövlətlər Birliyi məkanında böyük nüfuza maliksiniz”. Sergey Lebedev dövlətimizin başçısına MDB-nin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib və İlham Əliyevin növbəti prezidentlik fəaliyyəti dövründə də Azərbaycanın bu təşkilatla fəal əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib. Rəhbərlik etdiyi missiyaya 8 dövlətdən 221 müşahidəçinin daxil olduğunu vurğulayan qonaq nümayəndə heyəti adından Azərbaycan xalqına və ölkəmizə firavanlıq və uğurlu inkişaf arzulayıb.
Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev xeyli sayda müşahidəçinin daxil olduğu MDB müşahidəçilər missiyasının fəaliyyətinin önəmini qeyd edib. MDB ilə əlaqələrə toxunan dövlətimizin başçısı ölkəmizin bu əməkdaşlığa böyük önəm verdiyini bildirərək qeyd edib ki, Azərbaycan tərəfi hər zaman bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyev Sergey Lebedevin MDB-nin beynəlxalq nüfuzunun artması və inteqrasiya proseslərinin gücləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycanın MDB-nin fəal üzvü olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, ölkəmiz bundan sonra da bu təşkilat çərçivəsində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario Davidi qəbul edib.
Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi kimi iştiraklarından məmnun qaldıqlarını deyən Mario David dünən bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədiklərini bildirərək seçkilərin yaxşı təşkil olunduğunu, seçicilərin səsvermədə fəal iştirak etdiklərini vurğulayıb.
Prezident İlham Əliyev ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İnamlı qələbə münasibətilə prezident İlham Əliyevi təbrik edən Necdet Ünüvar böyük müşahidəçi heyəti ilə ölkəmizə gəldiyini və ayrı-ayrı seçki məntəqələrində müşahidələr apardıqlarını, xalqın seçkilərə böyük maraq göstərdiyini və səsvermə zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını qeyd edib.
Prezident İlham Əliyev seçkilər başa çatdıqdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığını və Türkiyə baş naziri Binəli Yıldırımın ona ünvanlandığı təbrik məktubunu məmnunluqla xatırlayıb.
Dövlət başçısı seçkilərin maksimum şəffaf keçirilməsi və Azərbaycan xalqının iradəsini əks etdirməsi üçün bütün səylərin göstərildiyini deyib. Seçkilərdə iştirak edən insanların sayının kifayət qədər yüksək olduğunu vurğulayan prezident İlham Əliyev qeyd edib ki, bu, ölkəmizi bundan sonra da inamla irəli aparmaq üçün bizə əlavə güc verir. Dövlət başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avropa Parlamentində Avropa Mühafizəkarlar və Reformistlər Qrupunun Azərbaycanda seçki müşahidə missiyasının rəhbəri Kozma Zlotovskini qəbul edib.