20 Aprel 2018 19:43
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamda qeyd edilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) yaradılsın.

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Əqli Mülkiyyət Agentliyi) yaradılır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilir.

Bu Sərəncamın 3-cü hissəsinə əsasən ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilir.

“Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini Dövlət Agentliyi həyata keçirəcək.

Əqli Mülkiyyət Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

- Əqli Mülkiyyət Agentliyinin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

- icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

- Əqli Mülkiyyət Agentliyinin yenidən təşkili və ləğv edilməsi;

Nazirlər Kabinetinə strukturun, işçilərin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi; təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi; xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi tapşırılır.

Əqli Mülkiyyət Agentliyi inkişaf istiqamətlərinin müəyyənləşdirəcək.

Əqli Mülkiyyət Agentliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və Patent və Əmtəə Nişanları Mərkəzi öz fəaliyyətlərini davam etdirəcək.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. Dövlət Agentliyinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Əqli Mülkiyyət Agentliyinin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.5. Bu Sərəncamın 4-cü hissəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansındakı əmlakın müvafiq olaraq Dövlət Agentliyinin və Əqli Mülkiyyət Agentliyinin (dövlət qeydiyyatına alındığı gündən sonra) balansına verilməsini bir ay müddətində təmin etsin;

8.6. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin balansındakı əmlakın Əqli Mülkiyyət Agentliyi dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Əqli Mülkiyyət Agentliyinin balansına verilməsini təmin etsin;

8.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.8. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər