Transanadolu boru kəməri (TANAP) Azərbaycanla Türkiyə arasında etimadın göstəricisidir.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhər şəhərində keçirilən TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
R.T.Ərdoğan qeyd edib ki, TANAP, həmçinin çoxtərəfli əməkdaşlığın göstəricisidir.
Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan TANAP layihəsinin reallaşdırılmasını elan edəndə, bir çoxları buna inanmamışdı:
"TANAP layihəsi sayəsində Xəzər dənizindən hasil olunan təbii qaz ilk dəfə olaraq Avropaya nəql olunacaq. Bilirsiniz ki, bu bölgənin zəngin enerji resurslarının Avropaya daşıması üçün ilk dəfə cəhd edilmir. Bu yola Bakı-Tbilisi-Ceyhan xam nefti boru kəməri layihəsi ilə çıxdıq. Azərbaycan və Gürcüstanla olan strateji əməkdaşlığımızı Azərbaycan qazını Türkiyəyə gətirən Bakı-Tbilisi-Ərzurum layihəsi ilə davam etdirdik. İşbirliyimiz təkcə enerji layihələri ilə bitmədi. Son olaraq, nəqliyyat sahəsində strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini dəyərli qardaşım Azərbaycan prezidenti İlham Əliyevlə bərabər gerçəkləşdirdik. Bununla da Londonla Çini maneəsiz əlaqələndirdik. TANAP ortaq baxışımızın ən son nəticəsidir. Enerji bazarında dəyişikliklərə və ehtiyaclara cavab verən bu layihə eyni zamanda gələcəkdə həyata keçirəcəyimiz yeni layihələr üçün müjdədir", - deyə o, bildirib.
Prezident deyib ki, TANAP regionun inkişafına kömək edəcək:
"Mən Azərbaycan Prezidenti İlham Əliyevə belə mühüm layihənin reallaşdırılmasına görə təşəkkürümü bildirirəm".