2016-cı il iyulun 15-də 251 qardaşımızı şəhid verdik. Onları itirdiyimiz üçün kədərliyik, onları cənnətə göndərdiyimizə görə qürur duyuruq. 15 iyul bizim milli dastanımızdır. 40 ildir dövlətimiz içərisində xain plan qurmuşdular. Xəyanət şəbəkəsi onlara xidmət edən hər şeyi mübah görüb dinimizi belə istismar etdi. Halbuki bu insanlar nə müsalman idilər, nə də İslama bağlılıqları vardı.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, həmin gecə türk milləti deemokratiyaya sahib çıxdı: "Bütün dünyaya bir daha sübut elədik ki, bu dövləti şərəfsizlərə əsla buraxmarıq. Millətimiz dövlətimizə sonsuza qədər sahib çıxacaq. Mən şəhidlərdən
Mahmud Coşqunsu barədə bir məqamı vurğulamaq istərdim. Onun həyat yoldaşı Nigar xanım azərbaycanlıdır. Mahmud Coşqunsunun Türkiyə uğrunda canından keçməsi "bir millət, iki dövlət" olduğumuza örnəkdir. Sevincimiz də, kədərimiz də birdir. Bu günlərdə İslama heç bir aidiyyatı olmayan bəzi qüvvələr Azərbaycanda 15 iyulda olduğu kimi, oyun qurmağa çalışdılar. Bu şərəfsiz şəbəkələr bilməlidir ki, Türkiyə də, Azərbaycan da onları əzib yox edəcək gücdədir. Bizlər bu xainlərin, FETÖ şərəfsizlər sürüsünün necə yox olacağını yaxın zamanda görəcəyik".