31 Oktyabr 2018 15:27
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricdə yaşayan Azərbaycan əsilli gəncləri özündə birləşdirən Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatı artıq fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş “Cümhuriyyətin 100 illiyi” adlı I Yay Düşərgəsində təsis edilən təşkilatın əsas məqsədləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsidir.

Təşkilatın müvafiq əsasnaməsi, nizamnaməsi və fəaliyyət planı işlənib hazırlanıbki, bu da Azərbaycan diasporunun inkişafına gənclərin töhfə verməsinə zəmin yaradacaq.

ADG təşkilatının müasir dizaynda, həmçinin milliliyi özündə əks etdirən loqo və sloqanı hazırlanıb. Eyni zamanda, “Wikipedia” açıq ensklopediyasında fəaliyyət göstərmək məqsədilə işçi qrup da yaradılıb.

Qrup artıq Azərbaycanın milli qəhrəmanları ilə bağlı məqalələr yerləşdirib, Azərbaycanla bağlı həqiqətlərin müxtəlif dillərdə daha geniş kütləyə çatdırılması istiqamətində çalışır.

İşçi qrupun Amerika-Kanada, Avropa, Afrika, Asiya ölkələri, Türkiyə, Rusiya, Gürcüstan üzrə fəaliyyət göstərən üzvləri yaşadıqları ölkələrdə bir çox layihələrin həyata keçirilməsini planlaşdırırlar.

Qeyd edək ki, ADG Diaspor Gənclərinin I Yay Düşərgəsi zamanı yaradılıb. 22-28 avqust tarixlərində təşkil olunan düşərgədə 37 ölkədən, o cümlədən ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya və İngiltərədən 140 diaspor gənci iştirak edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər