Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropa görüşləri İsveçdə davam etdirilib.
Dövlət komitəsindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə İsveç siyasətində uğur qazanmış bir qrup azərbaycanlı ilə görüş keçirilib. Görüşdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, habelə İsveç Sosial-Demokrat Partiyasının üzvləri, Söderberq Jönköpinq region parlamentinə seçkilərdə qalib gələn siyasətçi İradə Əliyeva, Haninge bələdiyəsindən əyalət parlamentinə seçilən deputat Vüsal Quliyev və İsveç Mərkəz Partiyasından Partille bələdiyyə məclisinin üzvü seçilən Turan Əliyev də iştirak edib.
Azərbaycan diasporunun fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin planları haqqında danışan dövlət komitəsinin Fuad Muradov Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib.
Görüşdə azərbaycançılıq ideyası ətrafında birləşməyin vacibliyindən, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan danışılıb. Dövlət komitəsinin sədri soydaşlarımızın qayğıları ilə maraqlanıb, onların təklif və ideyaları ətrafında maraqlı müzakirələr aparılıb.
Daha sonra nümayəndə heyəti Nobel muzeyində olub. Direktor Olov Amelin muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib, buranın özəlliklərindən, nümayiş etdirilən eksponatlardan danışıb. Dövlət komitəsinin sədri isə öz növbəsində, Azərbaycanla İsveç arasındakı əlaqələrin tarixindən, Nobel qardaşlarının ölkəmizdə fəaliyyətindən söhbət açıb və tarixin bu səhifələrinin daha yaxşı öyrənilməsinin zəruriliyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması ilə əlaqədar keçirilən təsis konfransında da iştirak edib. Konfransda həmvətənlərimiz arasında daha güclü əlaqələndirmənin zəruri olduğunu bildirilib. F.Muradov soydaşlarımızın və diaspor təşkilatlarının daim ölkə başçısının nəzərində olduğunu və bu istiqamətdə verilən tapşırıqları diqqətə çatdırıb.
Konfransda İsveç, Norveç, Finlandiya və Danimarkadakı Azərbaycan diaspor təşkilatlarının və soydaşlarımızın daha konstruktiv, məqsədyönlü, aktiv və koordinasiyalı fəaliyyətini təmin etmək məqsədilə İsveçdə yerləşəcək Skandinaviya Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması haqqında qərar qəbul olunub.
Finlandiya Azərbaycan Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova, İsveçdə fəaliyyət göstərən yazıçı, SAF təşkilatının üzvü Eluca Atalı, İsveç Azərbaycanlıları Konqresinin üzvü Sara Eveberger, habelə Norveçdə fəaliyyət göstərən “Can Azərbaycan” təşkilatının rəhbəri Şervin Nəcəfpur koordinasiya şurasının əlaqələndiricisi seçilib.