2019-cu ilin büdcəsinin gəlirlərinin 60,4 faizi neft gəlirləri hesabınadır. 2017-ci ildə bu 50,2 faiz idi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib.
Vahid Əhmədov hesab edir ki, qeyri-neft sektoru ilə bağlı məsələyə yenidən baxılmalıdır:
“Bazara təsir edən əsas amillər inflyasiya və milli valyutanın sabitliyidir. Ancaq inflyasiya yoxdursa, milli valyuta sabitdirsə, bu zaman qiymət artımı niyə müşahidə olunmalıdır? Yalnız ərzaq və dərman məhsullarında bahalaşma baş verir”.
Deputat əlavə edib ki, indiyə qədər sahibkarların vergidən yayınma halları çox olub: “Bunun da müəyyən səbəbləri olub. Sahibkar və işçi üst-üstə 40 faizə qədər vergi verməli olurdu. Bu səbəbdən ikili mühasibatlıq özünü göstərirdi. Mən hesab edirəm ki, Vergilər Nazirliyi xətti ilə aparılan islahatlar bu problemləri həll edəcək və şəffaflıq yaradacaq. Bu istiqamətdə aparılan islahatlar pozitiv xarakterlidir”.
Vahid Əhmədov ölkənin xarici borcu haqqında danışarkən deyib ki, adambaşına düşən xarici borc 1000 ABŞ dolları həcmindədir:
“Bu rəqəm ümumdaxili məhsulun 22 faizi deməkdir. Dövlət qurumları, ayrı-ayrı təşkilatlar xarici borclar götürsə də, buna dövlət zəmanəti verilir. Hesab edirəm ki, dövlət qurumları, ayrı-ayrı təşkilatlar götürdükləri borcu vaxtı-vaxtında ödəməlidir”.