“Azərbaycandan çox da uzaqda yerləşməyən Qara dəniz regionunda çox təhlükəli hadisələr baş verir. Rusiya yenə də suveren dövlətin suveren hüquqlarına qəsd edir”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Azov dənizində Rusiya ilə Ukrayna Hərbi-Dəniz Qüvvələri arasında yaranmış gərginliyi şərh edən Q.Hüseynli qeyd edib ki, söhbət dənizin kimə məxsus olması və Ukraynanın bu dənizdən, Kerç boğazından istifadə etmək hüququnun olub-olmamasından gedir:
“Bazar günü sübh çağı Rusiyanın müasir hərbi gəmiləri Ukraynanın sahil mühafizə gəmilərinə hücum edib və çox xoşagəlməz hadisələr baş verib. Əsas məsələ hadisələrin bundan sonrakı inkişafıdır.
Zənnimcə, səbəb kimi 2 gün bundan əvvəl Ukrayna Ali Radasının NATO-ya daxil olmaq barədə qərar qəbul etməsini ön plana çəkmək lazımdır. Çünki bu qərar Rusiyanı həddən artıq qəzəbləndirib.
Üstəlik, Azov dənizinin statusu, Kerç boğazından istifadə ilə bağlı Rusiya özü birtərəfli şəkildə müəyyən qaydalar müəyyənləşdirib. Bu qaydalar içərisində Ukraynanın suveren hüquqlarına sanki yer yoxdur.
Siyasi şərhçilər başqa səbəb kimi, həmçinin Vladimir Putinin reytinqinin aşağı düşməsini də qeyd edirlər. Hətta ona xidmət edən politoloqların bir qismi deyir ki, kiçik, lokal xarakterli bir müharibə Putinin reytinqinin yenidən sıçramasına gətirib çıxara bilər. Bunu da səbəb kimi göstərmək olar. Mən bunun mütləq belə olduğunu demək istəmirəm. Ancaq hər halda bu amilin də rolunu nəzərdən qaçırmaq olmaz”.
Q.Hüseynli hesab edir ki, bizi qarşıda dramatik hadisələr gözləyir:
“BMT Təhlükəsizlik Şurasının təcili toplantısı çağırılıb. Ukrayna Ali Radasının da bu gün növbədənkənar iclası keçirilib. Artıq NATO bəyanat verib.
Zənnimcə, Təhlükəsizlik Şurası Rusiyanın bu qeyri-qanuni hərəkətləri ilə bağlı sərt qərar qəbul edəcək. ABŞ-ın da əlinə yaxşı bir fürsət düşüb. O, Rusiyaya qarşı özlərinin öldürücü adlandırdıqları sanksiyaların yeni bir toplusunu hazırlayıb. Baş vermiş hadisələrdən istifadə edərək Rusiyaya qarşı sanksiyaların yeni dalğası gələcək.
Zənnimcə, bu sanksiyalar içərisində Rusiyanın beynəlxalq banklararası maliyyə kanalı olan SWIFT sistemindən çıxarılması da əksini tapa bilər. Bütün bunlar onu göstərir ki, bölgədə hadisələr dramatik ssenari üzrə inkişaf edir. Çox təəssüf ki, bu dramatizm postsovet məkanındakı bütün ölkələr üçün arzuedilməz nəticələrə gətirib çıxara bilər”.