18 Dekabr 2018 18:39
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənab prezidentin hərbçilərə mənzil verilmə mərasimində etdiyi çıxışında diqqətçəkən prinsipial xarakterli bir neçə mesajdan danışmaq mümkündür. Bu, ilk növbədə Azərbaycan ordusunun döyüş qüdrətinin bu gün çox yüksək və qələbə təminatlı səviyyədə olması ilə bağlı verilən mesajdır”.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, cənab prezident aydın şəkildə bu gün ordunun qarşıya qoyulan bütün vəzifələri yerinə yetirmək gücündə olduğunu bəyan etdi:

“Hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlətin apardığı siyasətin dönməz və davamlı xarakter daşıdığı barədə verilən mesaj da çox qiymətlidir. Bu gün Ermənistan ordusunda sosial vəziyyət, əsgərlərin ərzaqla, geyimlə, müxtəlif həyati vasitələrlə təminatı necə bərbad vəziyyətdədir. Azərbaycan Ordusunun maddi-texniki təminatı, şəxsi heyətin ərzaq və geyim təchizatı isə çox yüksək səviyyədədir. Ermənistan ordusunun hərbi qərargahları, hərbi postları ilə müqayisədə Azərbaycan Ordusunun, özü də təkcə qabaq hissələrdə deyil, bütün ölkə ərazisində qərargahları, postları çox yüksək səviyyədə təmir olunub. Prezident bu məqamda bir maraqlı mesaj da verdi ki, ölkənin bütün hərbi dayaqları, bütün hərbi məntəqələri, postlar təmir olunub. Çox cüzi bir hissəsi qalıb ki, onlar da bundan sonra çox yüksək səviyyədə təmir olunaraq hərbçilərin ixtiyarına veriləcək.

Ümumi şəkildə həm əsgərlərimizin sosial təminatı, həm hərbi-texniki təminatı, həm də ordunun döyüş və nizam-intizam qabiliyyətinin çox yüksək səviyyədə olması ilə bağlı mesajları mən dəyərli hesab edirəm. Nəhayət, ordunun 2019-cu ildə çox müasir və yüksək dağıdıcılıq qabiliyyətinə malik ən müasir texnika və döyüş sursatları ilə təmin olunacağı ilə bağlı prezidentin verdiyi bəyanat çox mühümdür.

Nəzərə alsaq ki, Azərbaycanın hər il orduya milyardlarla manat vəsait ayırmaq imkanı var, 2019-cu ildə ordumuz doğrudan da çox müasir və dağıdıcı gücə malik silahlar alacaq”.

Qeyd edək ki, dekabrın 17-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib, hərbçilər qarşısında çıxış edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər