2 Sentyabr 2014 10:16
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin qüvvəyə minməsi ilə əlaqədar açıqlama yayıb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a daxil olan açıqlamada deyilir: “29 noyabr 2013-cü il tarixində Vilnüs şəhərində imzalanmış “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Saziş 1 sentyabr 2014-cü il tarixindən etibarən qüvvəyə minib. Bununla yanaşı, 2014-cü ilin 28 fevral tarixində Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş də 1 sentyabr 2014-cü il tarixindən etibarən qüvvəyə minib.

Vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişin məqsədi Azərbaycan Respublikası və Avropa İttifaqının üzv dövlətlərinin vətəndaşları üçün qarşılıqlıq prinisipi əsasında vizaların verilməsinin sadələşdirilməsidir. Sadələşdirilmiş viza rejiminin tətbiqi Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında bu sahədə əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Readmissiya haqqında saziş isə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.


Sazişə əsasən aşağıdakı istiqamətlərdə vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi nəzərdə tutulur:
(I) Uzunmüddətli, yəni bir ildən beş ilədək etibarlılıq müddəti olan çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi;

(II) Viza ərizələrinə baxılması üçün rüsumun məbləğinin endirilməsi və bir qrup kateqoriyadan olan şəxslərin rüsumdan azad edilməsi;

(III) Viza ərizəsinə baxılması müddətinin qısaldılması;

(IV) Diplomatik pasporta malik olan şəxslərin vizadan azad edilməsi;

(I) Uzunmüddətli, yəni bir ildən beş ilədək etibarlılıq müddəti olan çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi


Beş il etibarlılıq müddəti olan çoxdəfəli giriş vizalarının rəsmiləşdirilməsi aşağıdakı kateqoriyadan olan vətəndaşlara tətbiq edilir:


- Hər iki tərəfin ərazisində qanuni yaşayan vətəndaşları ziyarət edən ər və ya arvad, valideynlər, yaşı 21-dən aşağı olan və ya valideyn himayəsində olan uşaqlar;
- Görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, eləcə də hökümətlərarası təşkilatlar tərəfindən iştirakçı ölkələrin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin daimi üzvləri.


Bir il etibarlılıq müddəti olan çoxdəfəli giriş vizaları əvvəlki il ərzində ən azı bir dəfə viza almış və səfər etdikləri dövlətin giriş və qalma qaydalarına uyğun tərzdə ondan istifadə etmiş aşağıdakı kateqoriya vətəndaşlara tətbiq edilir:

- Təlim və ya təhsil kursları, eləcə də mübadilə proqramlarında iştirak etmək məqsədilə ilə mütəmadi olaraq səyahət edən tələbələr və doktorantlar;

- Jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət;

- Qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilən rəsmi mübadilə proqramlarının iştirakçıları;

- Azərbaycan Respublikası və Avropa İttifaqı üzv dövlətlərinin əraziləri arasında beynəlxalq yükdaşımanı və sərnişin daşıma xidmətlərini həyata keçirən sürücülər;

- Tibbi məqsədlərlə mütəmadi əsasda səfər etmək ehtiyacı olan şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər;

- Beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri;

- Mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədilə mütəmadi olaraq səfər edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;

- Universitet və digər mübadilə proqramları da daxil olmaqla elm, mədəniyyət və incəsənət tədbirlərində iştirak edən şəxslər;

- Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;

- Rəsmi dəvətnaməyə əsasən görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən iştirakçı ölkələrin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin daimi üzvləri;

- İş adamları və kommersiya təşkilatlarının nümayəndələri.


Bu kateqoriyadan olan şəxslər səfər etdikləri dövlətin giriş və qalma haqqında qanunlarına uyğun tərzdə iki il ərzində bir illik çoxdəfəli vizalardan istifadə etdikləri halda, ən azı iki və ən çoxu beş il etibarlılıq müddəti olmaqla, onlara çoxdəfəli giriş vizaları rəsmiləşdirilə bilər.


Saziş Avropa İttifaqı və Azərbaycan Respublikası vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsi məsələsini əhatə edir.

Bu sadalanan şəxslər turist məqsədilə deyil, məhz peşəsi və ya üzrlü səbəblərlə (yəni müalicə və ya dəfndə iştirak) əlaqədar səfər etdikləri zamanı sadələşdirilmiş qaydada viza ala biləcəklər.

(II) Viza ərizələrinə baxılması üçün rüsumun məbləğinin endirilməsi və bir qrup kateqoriyadan olan şəxslərin rüsumdan azad edilməsi

Viza ərizələrinə baxılması üçün rüsumun məbləği 35 avro müəyyən edilmişdir. İştirakçı ölkələr viza rəsmiləşdirilməsi üçün kənar xidmət göstərən yardımçı şirkətlərlə əməkdaşlıq etdikləri halda, bu şirkətlər tərəfindən xidmətlər üçün əlavə ödəniş alına bilər. Bu halda xidmət üzrə ödənişin məbləği 30 avrodan artıq olmamalıdır.

Aşağıdakı kateqoriyalardan olan şəxslərin viza ərizəsinə baxılması rüsumdan azad edilir:

- İştirakçı ölkələrin ərazisində qanuni yaşayan vətəndaşları ziyarət edən ər və ya arvad, valideynlər, yaşı 21-dən aşağı olan və ya valideyn himayəsində olan uşaqlar, babalar, nənələr və nəvələr;

- Rəsmi nümayəndə heyətlərinin üzvləri;

- Mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı digər fəaliyyət məqsədləri ilə səfər edən şagird, tələbə və onları müşayiət edən müəllimlər və doktorantlar;

- Əmək qabiliyyəti olmayan şəxslər və zəruri hallarda onları müşayiət edən şəxslər;

- Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;

- Universitet və digər mübadilə proqramları da daxil olmaqla elm, mədəniyyət və incəsənət tədbirlərində iştirak edən şəxslər;

- Təcili tibbi müalicə almaq, yaxın qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək kimi hallar daxil olmaqla, humanitar əsasda səfərlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və bu şəxsləri müşayiət edənlər;

- Təhsil kursları, seminar və konfranslarda iştirak məqsədilə səfər edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;

- Təqaüdçülər;

- 2 yaşadək olan uşaqlar;

- Jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət.


(III) Viza ərizəsinə baxılması müddətinin qısaldılması

Viza ərizələrinə baxılması müddəti 10 təqvim gündür. Əlavə araşdırma tələb olunduğu təqdirdə, baxılma müddəti 30 təqvim gününə qədər uzadıla bilər.

(IV) Diplomatik pasporta malik olan şəxslərin vizadan azad edilməsi

Diplomatik pasporta malik olan şəxslər vizadan azadan edilərək, sərbəst, yəni vizasız səfər etmək imkanı əldə edəcəklər.

Sazişin müddəaları Avropa İttifaqının üzv dövlətləri olan Danimarka, Böyük Britaniya və Şimali İrlandiya Krallığı (Birləşmiş Krallıq) və İrlandiya və eləcə də Şengen Sazişinə qoşulmuş İslandiya, Norveç, İsveçrə və Lixtenşteynə münasibətdə tətbiq edilməyəcək.

Səxavət


Müəllif:

Oxşar xəbərlər